BAKI, 27 yanvar — Sputnik. Yüngül atletika üzrə dünya çempionu həmyerlimiz Ramil Quliyev ilk dəfə ata olub. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə öz "Instagram" hesabında məlumat yayıb. Övladı ilə şəklini paylaşan idmançı "Bu dünyaya xoş gəldin", - yazıb.
Qeyd edək ki, Ramil idmançı həyat yoldaşı, 2012-ci il London Olimpiya oyunlarının gümüş medalçısı, Rusiyanın əməkdar idmançısı Yekaterina Zavyalova ilə evlidir. Cütlüyün toyu ötən ilin avqust ayında baş tutub.
Xatırladaq ki, Ramil Quliyev 2007-2011-ci illərdə Azərbaycan yığmasının, 2011-ci ildən isə Türkiyə yığmasının üzvüdür. 2017-ci ildə London şəhərində baş tutan Dünya Çempionatında 200 metr məsafəyə qaçış yarışlarında 20.09 saniyə nəticə ilə qızıl medal qazanan Ramil Quliyev dünya çempionu olan birinci Türkiyə idmançısı kimi tarixə düşüb. Ramil Quliyev həm də 2016-cı ildə Amsterdam şəhərində baş tutan Avropa Çempionatında gümüş medala layiq görülüb. O, Azərbaycanı 2008 Pekin Olimpiadasında, Türkiyəni isə 2016 Rio-de-Janeyro Olimpiadasında təmsil edib.