Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. "Leş Tofiq", "Leş Elgün", "Bala Tofiq"... Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq "leş" ləqəbli şəxslərin leş ət sataraq istehlakçılara fırıldaq gəlməsinin qarşısı alınıb. Lakin keçirilən bu işləri son adlandırmaq olmaz.
Agentlik tərəfindən mütəmadi olaraq belə məlumatlar yayılır. Bunun, eyni zamanda da dönərxanalarda olan arzuolunmaz vəziyyətin qarşısının alınması üçün vahid bir sistemin olmasına ehtiyac var. Artıq belə bir təklif də irəli sürülüb. Belə ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə jurnalistlərə açıqlamasında deyib.
AQTA rəsmisi əsas problemin ət kəsimi məntəqələrindən qaynaqlandığını bildirib. Qeyd olunub ki, ət kəsimi məntəqələri, kəsim standartlara uyğun olsa, laboratoriyadan keçsə, bu problem digər sahələrdə qalmayacaq. Bu səbəbdən də agentliyin nəzdində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqələri yaradılması və özəl sektora təhvil verilməsi nəzərdə tutulur. Bu ildən artıq bir neçə müəssisə açılması planlaşdırılır.
Maraqlıdır, bu yanaşma və mexanizmlərlə ət kəsimi və dönərxanalarla bağlı problemi aradan qaldırmaq mümkün olacaqmı?
"Azad istehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ətin, eyni zamanda da dönərxanalardan aldığımız məhsulların təhlükəsizliyi üçün ilk növbədə heyvanların identifikasiyası həyata keçirilməlidir. Yəni heyvan dünyaya gələn kimi onun qulağına birka vurulmalı və burada ona dair məlumatlar qeyd olunmalıdır".
"Eyni zamanda da heyvana nə zaman antibiotik vurulduğu, temperaturunun olub-olmaması haqda da məlumatlar toplanaraq vahid sistemə daxil edilməldir. Heyvan öldükdə, yaxud da kəsildikdə bu məlumatlar artıq sistemdən silinir. Belə bir sistem tətbiq olunarsa, o zaman heyvan ətlərinin təhlükəsizliyini təmin etmək mümkün olacaq. Təəssüflər olsun ki, hələlik bu sistem, yəni heyvanların identifikasiyası ölkədə yalnız bir şirkətdə həyata keçirilir. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, bütün mallar, o cümlədən də ətlərin üzərində buraxılış vaxtı və yaradılış müddəti də göstərilməlidir", - deyə o əlavə edib.
O, dönərləri qanuni yolla hazırlayan müəssisələrin fəaliyyətindən də söz açıb: "Ölkədə dönərləri qanuni yolla hazırlayan, heyvan xəstəlikləri və viruslarını məhv edən iki müəssisə var. Yalnız iki şirkətdə bunun üçün xüsusi avadanlıq var. Elə bir şərait yaradılmalıdır ki, dönərxanalar həmin şirkətlərə üz tutsunlar".
Ekspert bildirib ki, bu gün ölkədə heyvanların identifikasiyası heç bir faiz təşkil etmir.
O, AQTA-nın gördüyü işlərdən də söz açıb: "AQTA-nın ilk işi ölkənin paytaxtını qəssabxanalardan azad etməkdir. AQTA antibiotik qalıqlarının olduğu ətləri marketlərə, satış məntəqələrinə buraxmamalıdır. Bu işlərin həyata keçirilməsində hər kəs AQTA-ya dəstək olmalıdır. Beləcə, AQTA-ya inam daha da artacaq. Düşünürəm ki, müasir ət kəsimi məntəqələrinin yaradılması, camaatın "kəsimini gözümlə gördüyüm ət daha yaxşıdır" sindromunu məhv edəcək. Hər kəs keyfiyyətli ət üçün marketlərə üz tutacaq".
O, marketlərdə satılan ətlərin təamının kəsim məntəqələrindən aldığımız ətlərin dadından fərqli olması məsələsinə isə belə aydınlıq gətirib: "Marketlərdə satılan ətlər ona görə zövq vermir ki, biz istehlakçılar gözümüzlə gördüyümüz əti almağa öyrəşmişik. Amma "Leş Tofiq" məsələsi bizə dərs verdi ki, hər cür ət marketlərə gedib çıxa bilər. Lakin bu o demək deyil ki, marketlərdəki ətlərin hamısı pisdir".
Qeyd edək ki, bu gün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da heyvanlara antibiotiklərin vurulması, nəticədə aldığımız ətin tərkibində antibiotik qalıqlarının olması əsas problemlərdən biri olaraq qalmaqdır.