BAKI, 22 yanvar — Sputnik. "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayət "isti izlərlə" açılıb, 7.556 hüquqazidd əməlin qarşısı alınıb, "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 575 cinayət açılıb. Həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfər tutulub".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov danışıb.
Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.
General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.