BAKI, 15 yanvar — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına başlanıb.
SOCAR-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, “Şəfəq-Asiman” bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) SOCAR və BP şirkətləri hər biri 50% olmaqla bərabər iştirak payına malikdirlər. Layihənin kəşfiyyat mərhələsinin əməliyyatçısı BP şirkətidir. Quyunun qazılmasını SOCAR-ın Caspian Drilling Company şirkəti həyata keçirir.
SAX01 quyusu bu müqavilə sahəsində qazılacaq ilk quyudur və onun qazılması 2011-ci ildə Azərbayca Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmiş sazişin şərtlərinə uyğundur.
Bu quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı, qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi planlaşdırılır. Sonra quyunun göstəriciləri təhlil ediləcəkdir. Uğurlu olduğu təqdirdə nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
İran-ABŞ gərginliyinin neft bazarına təsiri nə qədər davam edəcək – ekspert danışır
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə “Şəfəq-Asiman” strukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Şəfəq-Asiman” kimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz deyib: “Biz “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu dəniz blokunun böyük potensialı var və kəşfiyyat işləri uğurlu olarsa, bu, irimiqyaslı qaz ehtiyatlarının kəşfi ilə nəticələnə bilər. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb. Bunun üçün ixtisaslaşmış və yüksək motivasiyalı komanda çalışacaq və təzyiqi idarə etməklə qazma imkanlarına malik olan qazma qurğusundan istifadə edəcəyik.“
SAX01 quyusunun qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Bu qurğu 2019-cu ilin noyabr ayında SAX01 quyusu üçün müqavilə əsasında götürülüb və qazma əməliyyatlarının başlanmasına hazırlıq aparmaq üçün quyu sahəsinə göndərilib.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS SOCAR və BP arasında 2010-cu ilin oktyabrında Bakıda imzalanıb.
Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometrlik (78 mil) məsafədə yerləşən bu dəniz bloku təqribən 1100 kvadrat kilometr sahəni əhatə edir və həmin sahədə dənizin dərinliyi 650-800 metr təşkil edir. Bu dəniz bloku “Şahdəniz” yatağından 60 km, Səngəçal terminalından isə 145 km aralı yerləşir.