Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 yanvar — Sputnik. "Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq.
Ekspertlər manatın məzənnəsini müəyyənləşdirəcək başlıca amil məsələsini Sputnik Azərbaycan-a şərh edib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, tədiyə balansı ölkənin xarici ticarətinin saldosudur: "Yəni nə qədər valyuta ölkəyə daxil olub və nə qədər xaricə çıxarılıb. Azərbaycanın xaricə satdığı əsas mal, resurs neftdir. Yəni dolayı yol ilə deyilir ki, manatın məzənnəsi neftin qiymətindən asılıdır. Əgər neftin qiyməti aşağı düşsə, xaricə satdığımız neftdən az pul əldə etsək, amma xaricdən daha çox mal və məhsul alsaq, deməli, ölkədə xarici valyuta azalacaq. Ölkədə xarici valyuta azalanda milli valyutanın məzənnəsi də düşəcək. Və yaxud əks proses olacaqsa, yəni neftin qiyməti mövcud qiymətlərdə qalsa, məzənnə də dəyişməyəcək".
"Hazırda neftin qiyməti iqtisadiyyatdan yox, daha çox geosiyasətdən asılıdır. Hazırda milli valyutamızın məzənnəsi neftin son illərdəki sabit qiymətinə görə dəyişmir", – deyə o qeyd edib.
Onun sözlərinə görə, bizdə üzən məzənnə rejimi yoxdur: "Yəni məzənnəni Mərkəzi Bank müəyyən edir. Məzənnənin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradılacaq, yəni neftin qiyməti aşağı düşərsə, milli valyuta ucuzlaşacaq, neftin qiyməti aşağı düşməsə, məzənnə indiki kimi qalacaq".
"Ümumiyyətlə, hər hansı bir ölkədə kapital axınının qarşısını almaq üçün normal biznes mühit, sağlam rəqabət, normal məhkəmə olmalıdır", – deyə ekspert əlavə edib.
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb: "Bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb. Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bankın 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bəyanatı da təsdiq edir. İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib. Neftin yüksək qiyməti tədiyə balansında müsbət saldonu təmin etməyə imkan verib".
O əlavə edib ki, bu il manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır.
Qeyd edək ki, "xarici valyuta təklifi mənbələrinin diversifikasiyası, habelə dövlət tərəfindən valyuta təklifi və tələbinin effektiv tənzimlənməsi qarşıdakı dövrdə də valyuta bazarında uzunmüddətli tarazlığın əsas təminatçısı kimi çıxış edəcək", - deyə Mərkəzi Bankın bəyanatında deyilib.
Onu da bildirək ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyə balansının profisiti 4 milyard 167 milyon dollar təşkil edib. 2018-ci ilin eyni dövründə tədiyə balansının profisiti 3 milyard 665 milyon dollar olub. Beləliklə, illik müqayisədə tədiyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb.