BAKI, 9 yanvar — Sputnik. Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Kelli Kraft təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək rəsmi Vaşinqtonun regionda gərginliyi azaltmaq üçün heç bir şərt olmadan İranla danışıqlara hazır olduğunu bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" nəşri məktuba istinadən xəbər verir.
Kraftın sözlərinə görə, Birləşmiş Ştatlar İran rejimi tərəfindən beynəlxalq sülh və sabitliyə təhdidlərə imkan verməməyə çalışmaq niyyətindədir.
Bundan əlavə, daimi nümayəndə məktubunda qeyd edib ki, iranlı general Qasım Süleymaninin qətli BMT nizamnaməsinin 51-ci maddəsinə uyğundur və bu maddə dövlətlərə özünümüdafiə hüququ verir.
O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatların 29 dekabr 2019-cu ildə İranla bağlılığı olan "Əl-Haşd əş-Şaabi" qruplaşmasına endirdiyi aviazərbələr İran tərəfinin və onun dəstəklədiyi qruplaşmaların Yaxın Şərqdə ABŞ gücləri və maraqlarına hücuma cavab olub.
Bu arada Birləşmiş Ştatlar Prezidenti Donald Tramp İran rəhbərliyi və xalqına müraciət edərək onlarla sülhə hazır olduğunu bildirib: "Biz İranla bu ölkənin inkişafına, çiçəklənməsinə və böyük reallaşdırılmamış potensialından faydalanmasına imkan verəcək saziş bağlamalıyıq. İran gözəl ölkəyə çevrilə bilər. İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır".
President @realDonaldTrump to the people and leaders of Iran: We want you to have a future and a great future -- one that you deserve, one of prosperity at home, and harmony with the nations of the world. The United States is ready to embrace peace with all who seek it. pic.twitter.com/KsHspGEnAS
— Department of State (@StateDept) January 9, 2020
Yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri Əli Xameneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.