BAKI, 5 yanvar – Sputnik. İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezdenti Donald Trampın Tehranı hədələməsinə cavab verib.
Sputnik Azərbaycan-ın IRIB-ə istinadən verdiyi məlumata görə, Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə сəsarət etməyəcəyini vurğulayıb.
Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.
İran hökuməti İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin qətlə yetirilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi məlumat verib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.