BAKI, 31 dekabr — Sputnik. Bayramlara görə yuxusuz qalmaq orqanizmə ziyan vuraraq beynin işinə güclü mənfi təsir göstərə bilər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunu Mariinsk xəstəxanasının nevroloqu Andrey Jukov bildirirb.
Onun sözlərinə görə, hətta bir yuxusuz gecənin çox uzun fəsadları ola bilər. Həkim deyib ki, bu halda reoensefaloqramın (baş beynin damarlarının tonusunu və qanın hərəkət sürətini ölçmək vasitəsi) normal ritmi 15-20 gün müddətinə pozulur. Yuxu pozulması iştaha da təsir edərək kalorili, qeyri-sağlam qidalara üstünlük verməyə vadar edir.
Bayramı az fəsadla yola vermək üçün Jukov səhər bir az gec oyanmağı, axşam qonaqlar gələndən öncə isə bir qədər mürgüləməyi, ya da dincəlməyi məsləhət görüb. Amma o bildirib ki, buna rəğmən, günorta yuxusu gecə yuxusunu heç cür əvəz etmir. Bu, hətta rejimi daha pis korlaya bilər.
Nevroloq bildirib ki, yaşlı adamlar Yeni il gecəsi saat ikiyədək yuxulasalar, yaxşı olar. Uşaqları da maksimum saat 2-dək oyaq saxlamaq olar. 12 yaşdan yuxarı uşaqlar səhər saat 5-dək oyaq qala bilərlər. "Gənclər tamam yuxusuz da qala bilərlər, amma bu o demək deyil ki, yuxu çatışmazlığı sonra onların sağlamlığına və psixi durumlarına təsir etməyəcək", - həkim deyib.
Jukov həmçinin gecə vaxtı çox yeməməyi tövsiyə edib. Eləcə də yuxu gətirmək məqsədilə alkoqol içilməsi də yanlışdır, çünki o, əksinə, qıcıqlandırıcı effekt verir. Yatmazdan iki saat əvvəl alkoqol içmək olmaz.