Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. 2019-cu il idman sahəsində ölkəmiz üçün əlamətdar il oldu. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanlı idmançılar beynəlxalq idman yarışlarında bu il 775 medal qazanıb, onlardan 271-nin əyarı qızıldır.
İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd etmək lazımdır. Tanınmış şahmatçı Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub. Bu, Azərbaycan şahmatında tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandası isə Dünya Şahmat Olimpiadasında ilk yerə sahibləniblər.
Bu il ölkədə maraqlı idman yarışları bir-birini əvəz edib. Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçirilib. Yubiley turnirində 10-dan artıq ölkədən 1000-dən yuxarı karateçi iştirak edib.
Paytaxt növbəti dəfə "Formula 1" qran-pri yarışmasına ev sahibliyi etdi. Bu dəfə "Merdeces" komandasının pilotu Valteri Bottas qalib oldu.
Aprel ayında Aerobika Gimnastikası üzrə Avropa Çempionatının Bakıda keçirilməsi idman sahəsində önəmli hal kimi qiymətləndirilməlidir.
ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyində Rəhman Kazımov qızıl medala yiyələnib. Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb.
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlarından bu vaxta qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan Kazımovun medalı tarixə düşüb.
Təbii ki, Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi etmək ən mühüm və yaddaqalan hadisə oldu. Mayın 29-u iki ingilis klubu məhz Bakı Olimpiya Stadionunda üz-üzə gəldi.
"Qarabağ" futbol klubu bu il Avropada qrup mərhələsinə 6-cı dəfə ardıcıl olaraq vəsiqə qazandı. Azarkeşlər "köhlən atların" nəhayət bu il qrup mərhələsini aşacağına inansalar da xəyalları suya düşdü.
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçirildi. Yarış 61 ölkəni təmsil edən idmançıların iştirakı ilə Milli Gimnastika Arenasında baş tutdu.
İlin maraqlı və gözlənilməz hadisəsi isə Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin üçqat dünya çempionu adını qazanması oldu. Karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail oldu. Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzləndi. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi oldu.
Azərbaycanın futbol üzrə milli yığma komandası 24 ildən sonra yenidən anti-rekorda imza atdı. Seçmə qrup mərhələsində cəmi 1 xal toplayan millimizin baş məşqçisi xorvat Nikola Yurçeviç istefaya göndərildi.
Qeyd edək ki, 2020-ci ili futbol həvəskarları səbrsizliklə gözləyirlər. Məlumat üçün bildirək ki, AVRO-2020 futbol yarışının 4 oyununa ev sahibliyi edəcəyik. Türkiyə yığmasının 2 oyununu Bakıda keçirməsi isə futbol bayramına əlavə rəng qatacaq.