Zülfiyyə Quluyeva, Sputnik Azərbayacan
BAKI, 29 dekabr — Sputnik. "Bu gün 700 nəfərdən çox sərnişin onlayn şəkildə bilet əldə edib. Amma gün ərzində kassalardan bilet alanların sayı arta da bilər. Ona görə də bu gün dünənə nisbətən bilet alanların sayının çox olacağını gözlənilir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O, bildirib ki, 28, 29 və 30 dekabr tarixlərində avtovağzalda sərnişin sıxlığı gözlənilir: "29 və 30 dekabr tarixlərində isə 17-19 min sərnişinin daşınması proqnozlaşdırılır. Onlayn bilet daha çox 30 dekabr tarixi üçün satılıb. Artıq 1500 nəfər bu tarixə bilet alıb. Sərnişinlər ən çox Şəki, Mingəçevir, Gəncə, "Qırmızı Körpü" istiqamətinə bilet alıblar. Beynəlxalq istiqamətlərdə isə Tbilisi, İstanbul istiqamətinə bilet satılıb. Gecə reyslərində də aktivlik digər günlərə nisbətən daha çoxdur".
P.Məmmədovanın sözlərinə görə, ötən gün Bakı avtovağzalından 11 mindən çox sərnişin daşınıb.