BAKI, 6 dekabr — Sputnik. Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bu gün paytaxtda növbəti "Şəbəkə" xidmət mərkəzini istifadəyə verib.
Sputnik Azərbaycan-a nazirlikdən daxil olan məlumata görə, mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir. Sayca doqquzuncu olan "Şəbəkə" xidmət mərkəzində də NRYTN-in qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur.
Qeyd edək ki, bu "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, "Şəbəkə" mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Bütün "Şəbəkə"lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də vətəndaşların xidmətindədir.
Xatırladaq ki, nazirliyinin təşəbbüsü ilə "Şəbəkə" layihəsinə 2017-ci ilin fevralından start verib. Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən mövcud 8 "Şəbəkə" Xidmət Mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib.