BAKI, 29 dekabr — Sputnik. Böyük Britaniyada yaşayan kartinq üzrə azərbaycanlı pilot Cəmil Həsənli Rocers "Formula-1"də çıxış edə bilər.
"Mənim məqsədim "Formula-1" yarışlarında iştirak edən ilk azərbaycanlı pilot olmaq və dünyanın ən güclü pilotları sırasına düşməkdir", - deyə Həsənli Baku City Circuit (Bakı Şəhər Həlqəsi) əməliyyat şirkətinin keçirdiyi brifinqdə bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, Cole Racing komandasının gənc pilotu 14 yaşında Britaniyada keçirilən və bu ölkədə milli kartinq yarışı statusuna malik olan Superone kartinq seriyası üzrə çempionatda bürünc medal qazanıb.
O, səkkiz yaşında, hələ Nigeriyada yaşayanda kartinqlə məşğul olmağa başlayıb.
"11 yaşım olanda mən ilk dəfə Nigeriya çempionatında iştirak etmişəm. Sonra ailəmlə birlikdə Böyük Britaniyaya köçmüşəm və orada yaxşı nəticə göstərmişəm. Bundan sonra pilotluqla peşəkar şəkildə məşğul olmaq qərarına gəlmişəm", - deyə Həsənli bildirib.
Qeyd edək ki, istənilən "Formula-1" pilotunun karyerası məhz kartinqdən başlayır. Həsənlinin sözlərinə görə, eşidəndə ki, onun tarixi vətəni "Formula-1" yarışları keçirir, çox sevinib.
"Bu, mənim üçün gözlənilməz xəbər idi. Eşidəndə ki, "kral yarışları"nı Bakıda da keçirirlər, çox sevindim. Mənim sevimli pilotlarım Lüis Hemilton və Daniel Rikkardodur. Ümid edirəm ki, haçansa Azərbaycanın "Formula-1"dəki ilk pilotu olacağam", - deyə Həsənli bildirib.
Azərbaycanlı pilot gələcəkdə "Formula 1"lə yanaşı, digər yarış seriyalarında da özünü sübut etməyə çalışır.
Onun yaxın hədəfi "Formula-4" yarışlarına qatılmaqdır.
"Gələn il yenidən kartinq yarışına qatılacağam və çalışacağam ki, Böyük Britaniya çempionatında daha böyük nəticə göstərim. Sonra ümid edirəm ki, bir sponsor tapacağam və onun sayəsində daha yaxşı nəticələr əldə etmək mümkün olacaq", - Həsənli əlavə edib.