Bu ilin yanvar-sentyabr aylarında 1274 və yaxud ötən ilin analoji dövrü ilə müqayisədə 0,8% az yol-nəqliyyat hadisəsi baş verib. Qurbanların sayı 2,0% azalıb və 1735 nəfər təşkil edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, hadisələrin 46,2%-i gündüz, 36,1%-i gecə, 17,7%-i alatoranlıqda, 29,1%-i isə şənbə və bazar günləri baş verib.
Yol-nəqliyyat hadisələrinin 42,0%-i nəqliyyat vasitələri və piyadalarla baş verib.
Yol qəzalarının əsas səbəbləri sürət həddinin aşılması, məsafənin düzgün təyin edilməməsi, yol hərəkəti qaydalarına riayət olunmaması və avtomobillərdə baş verən texniki nasazlıqlardır. Avtomobillərin əyləc məsafəsi yolun vəziyyətinə uyğun olaraq dəyişir. Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolu quru asfaltda 20, yaş asfaltda 35, qar örtüyü olan yolda 70, buzlu yolda isə 140 metrdir.
Qeyd edək ki, mütəxəssislər böyüklərə və uşaqlara gecə vaxtı uzaq məsafədən fərq edilən geyimlər geyinməyi və işıqqaytarıcı elementlərdən istifadə etməyi tövsiyə edirlər. Gecələr qara rəngli geyimlər əsla seçilmir. Göy rəng 17, qırmızı 24, sarı 37, ağ 55 m, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir. Odur ki, özünüzü və doğmalarınızı gecə vaxtı avtomobillərdən qorumaq üçün geyimlə bağlı şərtlərə əməl etməyə çalışın.
2019-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə baş verən yol-nəqliyyat hadisələri və onların başvermə səbəbləri haqqında Sputnik Azərbaycan-ın infoqrafikasından ətraflı məlumat əldə edə bilərsiz.