Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 dekabr — Sputnik. Bir neçə gündür ki, Bakı və Abşeronda bayram yarmarkaları keçirilir. Yeni ili bol süfrə arxasında qarşılamaq üçün indidən bayram tədarükü görənlər az deyil. Odur ki, Sputnik Azərbaycan bayramqabağı yarmarkalarda satılan məhsulların qiymətləri ilə maraqlanıb.
Nərimanov rayonu, "Gənclik" metrostansiyasının yanında təşkil olunmuş "Qış Yarmarkası"nda qələbəlik olmasa da, alıcılara rast gəlinirdi. Elə bizim kimi qiymətlərdən xəbərsiz olan Ruhəngiz Məmmədova da bayram bazarlığı üçün yarmarkaya üz tutmuşdu: "Hələ ki, qiymətlərlə maraqlanıram. Bazarla müqayisədə fərq hiss olunur. Məsələn, bazarda "qızıl əhmədi" almasının bir kiloqramı 2 manat 50 qəpikdir. Burada isə 1 manat ucuz almaq olar. Elə çərəzlərin qiyməti də bazarla müqayisədə nisbətən ucuzdur. Yarmarkada ən azı bir-iki manat aşağı qiymətə satılır".
Satıcılar da məhsulları bazarla müqayisədə aşağı satdıqlarını təsdiqlədilər. Şamaxılı fermer Alı Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yarmarkada yer pulsuz olduğundan onlara məhsullarını aşağı qiymətə satmaq sərf edir: "Həm bayram olduğu üçün, həm də yer pulu vermədiyimiz üçün qiymətləri aşağı qoymuşuq. Bütün məhsulların qiyməti bazarla müqayisədə ucuzdur. Hətta deyərdim ki, elə rayonun özü ilə də müqayisə etsək, qiymət fərqi çox azdır. Məsələn, kənd çolpasını rayonda 4 manata satırıqsa, burada 5 manatdan baha vermirik. Yol xərcindən əlavə, üzərinə gəlirimizi də gəlib elə qiymət qoymuşuq ki, hamı bayramı ürəyi istədiyi kimi qeyd edə bilsin".
Bayramda ən çox istehlak edilən məhsul ət olduğundan, öncə mal, qoyun və quş ətlərinin qiyməti ilə maraqlandıq. Yarmarkada mal əti 9 manata, qoyun əti isə 10 manata təklif edilir. Hind toyuğu isə 12 manatdır. Ördək 4 manat, qaz 8-10 manat, 4-5 manata satılır. Kütüm balığının bir kiloqramı 6, xana balığı 5, sazan isə 6 manatdır. Bayram süfrəsini plovsuz təsəvvür etmək çətindir. Odur ki, plov üçün zəruri olan məhsulların qiymətini də təqdim edirik. Yarmarkada yumru düyü 2 manat 20 qəpik, uzun düyü isə 2 manat 90 qəpiyədir. Ərik qurusu 6 manat 20 qəpik - 10 manat 20 qəpiyə, 5 manat 80 qəpik - 6 manat, şabalıd isə 5-7 manata təklif edilir.
Çərəzlərin qiyməti isə keyfiyyətinə görə dəyişir. Ən aşağı qiymətə satılan qoz ləpəsi 12 manata, ən bahalısı isə 14 manatadır. Fındıq ləpəsinin qiyməti isə 10-13 manat arası dəyişir. Qərzəkli qozun bir kiloqramı 3-5, fındığın bir kiloqramı isə 6 manatdır. Araxis 6 manat 50 qəpik, badam 20 manat, qara kişmiş 9-16 manatdır. Almanın qiyməti 25 qəpik-2 manat, armud 70 qəpik - 1 manat 80 qəpik, nar 50 qəpik - 1 manat, 60 qəpik - 1 manat, heyva 60 qəpik-1 manat 20 qəpik, feyxoa- 50-80 qəpik, kivi - 1 manat 40 qəpik, əzgil - 1 manat 20 qəpik, üzüm 1 manat 20 qəpik - 1 manat 70 qəpik, portağal - 1 manat 50 qəpik - 1 manat 70 qəpik, yemişan - 1 manat 20 qəpik, mandarin - 1 manat - 1 manat 20 qəpik, karalyok - 80 qəpik - 1 manata təklif edilir. Kartofun kiloqramı 55 qəpik - 1 manat, soğan - 45-50 qəpik, kələm - 35-40 qəpik, gülkələm - 1 manat 50 qəpik, çuğundur - 40-70 qəpik, yerkökü - 50-80 qəpikdir. Xiyarın qiyməti 1 - 2,50, pomidor - 90-1.70, göyərtinin 7 dəstəsi 1 manat, badımcan - 50-80 qəpik, bibər 40 qəpik-80 qəpikdir. Kənd yumurtasının bir ədədi isə 15-20 qəpikdir. Yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, ucuz şirələr, şirniyyatlar da satılır.
Qeyd edək ki, qış yarmarkası 10 gün keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək. "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev bildirib ki, qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir. Paytaxt sakinlərinin "Kənddən Şəhərə" yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb.
"Kənddən Şəhərə" yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib. Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır. "Kənddən Şəhərə" qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir. "Kənddən Şəhərə" qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B
Nərimanov rayonu, "Gənclik" metrostansiyasının yanı
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi.