BAKI, 26 dekabr — Sputnik. Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyaların yaradılmasına başlanılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bu gün təşkil olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, artıq bir neçə özəl sahibkarlıq subyekti ilə birlikdə fərdi laboratoriyaların açılması istiqamətində iş aparılıb: "Yəni modern laboratoriyaların hazırlanması, avadanlıqlarının müəyyən edilməsi, laboratoriyaların akkreditasiyadan keçirilməsi ilə bağlı bir neçə sahibkarla görüş keçirmişik. Əldə etdiyimiz məlumata görə, özəl sahibkarlıq subyektləri laboratoriyaların yaradılması işlərinə başlayıblar".
"Bundan başqa, ölkədə fəaliyyət göstərən iki laboratoriya ilə müayinə nəticələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə edilib. Qida təhlükəsizliyi ilə bağlı yoxlamaların AQTA-nın laboratoriyaları ilə yanaşı, başqa laboratoriyalarda da aparılmasında maraqlıyıq", - deyə o əlavə edib.