Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 dekabr — Sputnik. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 1 720,2 min dekalitr təşkil edib.
Bəs Azərbaycanda araq və tütün məmulatlarının istehsalında kəskin artımın olması qiymətlərə təsir edə bilərmi? İstehsalda kəskin artımın olması nə ilə əlaqədardır?
Ekspertlər bu məsələni Sputnik Azərbaycan-a şərh ediblər.
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, spirtli içkilərin və tütün məmulatlarının istehsalında kəskin artım tələbatla bağlı deyil:
"Bu, sadəcə yerli istehsalın artması ilə əlaqədardır. Ötən il ölkədə yeni tütün məmulatlarının istehsalı sahələrinin açılışı olub. Eyni zamanda, spirtli içkilərin istehsalında istifadə olunan xammalın xaricdən ölkəyə gətirilməsində ciddi artım olub və yerli istehsal daha sərfəli hala gəlib. Ona görə də xaricdən gətirilən tütün məmulatlarının və spirtli içkilərin həcmi azalıb və bunların yerini yerli məhsullar tutub".
"Amma yerli istehsalda artımın qiymətlərə ciddi təsir etmədiyini gördük. Çünki spirtli içkilərin istehsalında istifadə olunan xammalın da vergiləri artırılıb. Spirtli içki və tütün məmulatları sosial yönümlü məhsullar olmadığına görə bunların vergi və gömrük rüsumlarının artırılması istənilən ölkədə əhali tərəfindən də normal qarşılanır. Gələn il də bu sahədə yerli istehsalın daha da artmasını gözləyirəm, amma bunun qiymətlərə təsir edəcəyini, yəni qiymətlərdə ucuzlaşmanın olacağını düşünmürəm", - deyə o qeyd edib.
O bildirib ki, əksinə, gələn ildən Azərbaycanda istehsal edilən spirtli içkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsinin artırılmasına görə bu məhsullar üzrə az da olsa, qiymət artımını müşahidə edə bilərik: "Hətta bəzi qonşu ölkələr ilə müqayisədə bizdə qiymətlər daha ucuzdur. Spirtli içki və tütün məmulatlarında qiymətlərin ucuzlaşmasını gözləmirəm, amma yerli istehsal arta bilər. Spirtli içki və tütün məmulatlarının ixracı üçün potensial da var, amma ixracın artması üçün ciddi addımlar atılmalıdır".
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, yerli istehsalın artması qiymətlərin aşağı düşməsinə şərait yaratmalıdır:
"Bu baxımdan yerli istehsalın artımı müsbət amildir. Amma burada həm istehsal prosesində, həm də ticarət şəbəkələrində inhisarçılıq meylləri aradan qaldırılmalıdır ki, qiymət artımı ilə bağlı mənfi tendensiyaların qarşısı effektiv şəkildə alınsın. Ona görə də yerli istehsalın artması daha çox çeşiddə məhsulun bazara çıxarılması deməkdir".
E.Məmmədov da deyib ki, spirtli içkilərin və tütün məmulatlarının istehsalında kəskin artım tələbatla bağlı deyil: "Bu, daha çox faktiki olaraq idxal məhsullarının bazarda daha baha olması və ona görə də məhz yerli məhsula yönəlmə ilə bağlıdır. Əhalinin sosial vəziyyəti daha ucuz məhsulların bazara çıxarılmasını tələb edir və idxalda rüsumların tətbiqi yerli məhsulları daha əlçatan edir. Eyni zamanda yerli məhsulların keyfiyyətini də artırmaq lazımdır. Digər tərəfdən, daha çox istehsalçının bazarda iştirakı qiymətlərin aşağı düşməsinə çox müsbət təsir göstərə bilər. Hər bir halda istehsalın artımı inflyasiya və qiymət artımı ilə mübarizədə effektiv yoldur".