BAKI, 23 dekabr — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a olan məlumata əsasən, respublika üzrə seçici fəallığı 423361 olub. Bu da ümumi səsvermə hüququ olan şəxslərin 8,51 faizini təşkil edir.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Xatırladaq ki, səsvermədə iştirakı nəzərdə tutulan seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edir. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.