Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. "Bu il ölkəyə gətirilən sitrus meyvələrinin içərisində portağal və limon daha çox üstünlük təşkil edib. 2019-cu ilin 9 ayında 7 min 900 ton mandarin Azərbaycana idxal edilib və bunun da 150 tonu ölkəyə Gürcüstandan gətirilib". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin analitika departamentinin direktor müavini Səadət Hacıyeva deyib.
Qeyd edək ki, Gürcüstan sitrus meyvələrinin yığılması, qəbulu, emalı və ixracının təşkili üzrə əlaqələndirmə qərargahının məlumatına görə, mandarinin ənənəvi idxalçıları arasında Rusiya, Ukrayna, Ermənistan, Belarus, Qazaxıstan və Azərbaycan var.
S.Hacıyeva bildirib ki, son illər respublikada mandarin bağlarının sahəsi genişləndirilir: "Əvvəllər mandarin bağlarının sahəsi daha geniş olub. Sonradan ciddi azalma beş verib. Son üç ildə isə mandarin bağlarının sahəsi 1700 hektardan 2664 hektara qədər artırılıb. Azərbaycanda daxili istehsal hesabına istehlakçıları mandarin ilə təmin etmə təxminən 80 faiz civarındadır. Ölkədə mandarin bağlarının sahəsini genişləndirməklə daxili tələbatı tam ödəmək mümkündür. Həmçinin məhsuldarlığın artımı və əkin sahələrinin genişləndirilməsi ilə ölkəmizin ixrac potensialı da çoxalır".
"Hazırda hər hektardan məhsuldarlıq 22-23 ton civarındadır, lakin bunu bir qədər də artırmaqla istehsal potensialını xeyli genişləndirmək mümkündür. 2018-ci ildə "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Əsas məqsəd daxili tələbatı tam ödəmək və sonra ixraca yönəlməkdir", – deyə o qeyd edib.
"İntensiv meyvə bağları salındığı ilk ildən başlayaraq 4 il müddətinə hər il 800 manat subsidiya veriləcək, 4 ildən sonra isə 240 manat subsidiya veriləcək. Ənənəvi bağlara isə il ərzində 240 manat subsidiya veriləcək", – deyə Mərkəzin əməkdaşı bildirib.
O diqqətə çatdırıb ki, ümumilikdə ölkədə illik mandarin istehsalı 37 min tondur: "2018-ci ildə mandarin idxalı 9 min 800 ton, ixrac isə cəmi 142 ton təşkil edib. 2018-ci ildə mandarin idxalının 75 faizi Türkiyədən edilib. Gürcüstanın idxalda payı isə cəmi 1,6 faiz olub. Yəni ötən il Gürcüstandan Azərbaycana 160 ton mandarin gətirilib. 2019-cu ilin 11 ayında Gürcüstandan ölkəyə cəmisi 209 ton sitrus meyvələri idxal edilib. Bunun da 95 faizi mandarinin payına düşüb. Ümumiyyətlə, mandarin Gürcüstandan ölkəmizə çox həcmdə idxal edilmir".
Lənkəranda məhsul bayramı: İkinci Çay, Çəltik və Sitrus Festivalı keçirildi
"2018-ci ildə Azərbaycanda mandarin bağlarının sahəsi 2664 hektar olub. Bunun da demək olar ki, hamısı Lənkəran iqtisadi rayonunun payına düşür, yəni 2100 hektar mandarin bağları Astara rayonunda olub. 2018-ci ildə 430 hektar yeni mandarin bağları salınıb, bunun da 353 hektarı Astaranın, 75,5 hektarı isə Lənkəran rayonunun payına düşüb", – deyə o əlavə edib.