Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. Bu gün Lənkəranda II Çay, Çəltik və Sitrus meyvələri festivalı keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, birinci festival 2017-ci ildə baş tutub.
Bununla da ötən əsrin 70-ci illərində keçirilən “Məhsul bayramı” ənənəsi bərpa edilib. Lənkəran şəhərinin mərkəzində H.Əliyev adına Xatirə Parkında təşkil edilən festivalda 100-ə yaxın stend və tumbalar qurulub. Tədbir Çay, Çəltik və Sitrus Festivalı adlandırılsa da, əslində bütün sahələri əhatə edən məhsulların nümayişi təşkil edilib və məhsul bayramı xarakteri daşıyıb.
Festivalda Lənkəranda və Astarada fəaliyyət göstərən çay istehsalçısı şirkətlərinin məhsulları, Lənkəran və Astarada yetişdirilən müxtəlif düyü sortları və onlardan bişirilmiş plovlar, talış mətbəxini əhatə edən dadlı yeməklər, yerli fabriklərin istehsal etdikləri müxtəlif meyvə şirələri və kompotlar sərginlənib.
Festivalda sərgilənən məhsullara baxış keçirmək üçün Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Hadı Rəcəbli və digər şəxslər də mərkəzi meydana gəliblər.
Ötən il keçirilən festivaldan fərqli olaraq bu il festivala ölkənin müxtəlif yerlərindən və xarici ölkələrdən gələn turistlər də qatılıblar.
Qeyd edək ki, Çay, Çəltik və Sitrus Festivalı axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının ifasında böyük bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.