BAKI, 20 dekabr — Sputnik. "Wall Street Journal" nəşri və "NBC News" telekanalı Amerika vətəndaşlarının Prezident Donald Trampın impiçmenti haqqında fikirlərini öyrənmək üçün sorğu keçirib.
Sputnik Azərbaycan "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 48 faizi Trampın impiçmentini dəstəkləyib. Lakin eyni sayda respondent – 48 faiz impiçmentə qarşı çıxıb.
Qeyd olunur ki, sorğuda iştirak edən Respublikaçılar partiyasının tərəfdarlarının 90 faizi impiçmentə qarşı çıxıblar. Demokratlar partiyasının tərəfdarlarının 83 faizi impiçmenti dəstəkləyiblər. Tərəfsiz respondentlərə gəldikdə isə onlardan 50 faizi impiçmenti dəstəkləyiblər, 44 faizi isə buna qarşı çıxıblar.
Sorğu dekabrın 14-17-də aparılıb və onun nəticələri dünən Nümayəndələr palatasının səsverməsindən əvvəl dərc olunub. Sorğuda 900 nəfər iştirak edib.
Qeyd edək ki, dünən ABŞ Konqresinin Nümayəndələr palatası Trampın iki maddə üzrə - səlahiyyətlərdən sui-istifadə və Konqresin işinə mane olmaq ittihamları ilə onun impiçmentinin lehinə səs verib. Sonrakı mərhələdə impiçment məsələsinə Senat baxmalı olacaq. Trampın vəzifəsindən uzaqlaşdırılması üçün senatorlardan üçdə ikisinin onun impiçmentinin lehinə səs verməsi tələb olunur.