Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 19 dekabr — Sputnik. Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqından nə üçün çıxdığına aydınlıq gətirib. Sputnik Azərbaycan-a verdiyi müsahibədə ilk dəfə açıqlayacağını vurğulayıb.
"Fevralın 2-si idi. Hər gün olduğu kimi səhər televiziyalarda gedən verilişləri nəzərdən keçirdim. Kanalların birində bütün sahələrdən olan gənclər toplaşmışdı. Maraqlı o idi ki, teatrdan bir nəfər də olsun gənc orada iştirak etmirdi. Bu mənə çox toxundu. Səbəb nə idi? Teatr özü-özünü təqdim edə bilmir? Teatr Xadimləri İttifaqı bu yöndə fəaliyyət göstərə bilmir? Bütün teatrlara müraciət etdim. 2 fevral - Gənclər Günü münasibəti ilə sizi təbrik ediblərmi? Və yaxud da teatrda elanlar bölməsinə təbrik yazılıbmı? Cavab xeyr oldu. Bununla bağlı Teatr Xadimləri İttifaqına müraciət etdim. Bu, ictiamiyyətdə geniş müzakirəyə səbəb oldu. Oranın katibi ilə görüşə dəvət aldım. Görüşümüz çox kobud məcrada keçdi. Səbrlə onu dinlədim. Daha sonra bildirdim ki, niyə gənclər təbrik olunmur? Hətta bir neçə layihənin təklifini verdim: Mono tamaşalar festivalı, teatr kollektivlərinin paradı, teatr yarmarkalarının təşkili, aktyorlarla görüşlərin keçirilməsi, teatr jurnalının dərc olunması və s. Daha sonra onlara söylədim ki, nəyə görə tədbirlərə ancaq seçilmiş insanları dəvət edirsiniz? Məgər Teatr Xadimlər İttifaqı yalnız seçilmiş insanlardan ibarətdir?"
İttifaqın sonuncu toplantısına dəvətsiz getmədiyini söyləyən aktyor konfrans zamanı onu qapıdan qaytarıldığını bildirdi: "Hər bir teatrda ittifaqın nümayəndəsi var. Həmin şəxsə, yəni truppa müdirimiz Ələsgər Muradxanlıya müraciət etdim. O da "Gələ bilərəmmi?" sualıma "Bəli" cavab vermişdi. Konfrans günü digər teatrlarda aktyor kimi çalışan şəxslərin qapıçı qismində məni içəri buraxmamasına çox üzüldüm. Yaradıcı adamlarla ünsiyyət mənim heç xoşuma gəlmədi. Həmin şəxsləri dost və yaradıcı insan siyahımdan çıxartdım. Orada qapıçılardan biri Dağlar Yusifə dedim ki, get rəsmilərinə gəldiyimi söylə. O, yuxarı qalxıb düşdü və söylədi ki, Elnur Kərimov ümumiyyətlə buraxılmır. Bir daha söyləmək istəyirəm, mən dəvət olunmayan yerə heç vaxt getmərəm. Buna nüfuzum imkan verməz."
İttifaqdan uzaqlaşdığına sevindiyini söyləyən aktyor qurum qarşısında olan məqsədlərə oradan çıxdıqdan sonra nail olacağına əmindir: "Əsas məqsədim İttifaqın üzvlərinin bizim teatra gəlməsi, rol aldığım tamaşalara baxması, gənclərə qiymət verməsi və dəyərləndirməsidir."
Qeyd edək ki, Əməkdar artist Elnur Kərimov 24 oktyabr tarixində öz ərizəsi ilə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvlüyündən çıxarılıb.