Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 19 dekabr — Sputnik. Bakıda Azərbaycan Premyer Liqasında çıxış edən futbol klubunun afrikalı oyunçusu, Botsvana yığmasının üzvü Mfo Kqasvaneni soyublar.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a klubun mətbuat xidməti verib.
25 yaşlı botsvanalı futbolçunun başına bu insident Bakının Səbail rayonunda gəlib. 2019-cu ilin yanvarından Bakının "Zirə" klubunda oynayan afrikalını dilənçilər soyublar. Kqasvane dekabrın 17-də saat 17:00 radələrində Nigar Rəfibəyli küçəsi ilə gedərkən 14 saylı binanın ətrafında ona iki dilənçi yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 ABŞ dolları (851 manat) və 15 AZN pulun oğurlandığını müəyyən edib. O, hadisə barədə rayonun 9-cu polis bölməsinə məlumat verib. Hazırda hüquq-mühafizə orqanları sözügedən insidentlə bağlı araşdırma aparır.
"Zirə" klubunun mətbuat xidmətindən isə bildiriblər ki, insidentdən sonra futbolçu ilə söhbət etməyiblər. Çünki Kqasvane futbol üzrə Azərbaycan Kuboku uğrunda "Səbail" klubuna qarşı cavab matçına (birinci matç 0:0 hesabı ilə başa çatıb) hazırlaşır və bu səbəbdən də ona belə söhbətlərlə mane olmaq istəmirlər.
"Hadisədən sonra Kqasvane klubun təlim-məşq toplanışına qatıldı. Azərbaycan Kuboku uğrunda cavab oyunundan əvvəl bu barədə söhbətin onun psixoloji durumuna təsir etməməsi üçün futbolçunu narahat etmədik. Matçdan sonra legioner hadisənin detallarını izah edəcək", - deyə "Zirə"dən Sputnik Azərbaycan-a bildiriblər.
Qeyd edək ki, Mfo Kqasvane Azərbaycana gəlməzdən qabaq CAR-da yerli "Baroka" klubunda oynayıb.