Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində aşan mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, qəza törədən avtobus Ələt istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olub: "Biz sərnişinlərə qanunsuz sərnişin daşıyan avtobuslardan istifadənin onların həyatı üçün təhlükə yaratdığına dair dəfələrlə məlumat vermişik. Qanunsuz sərnişindaşımaya qarşı mübarizə tədbirləri aparılır. Çox təəssüf ki, sərnişinlər öz həyatlarını təhlükəyə ataraq qanunsuz sərnişin daşıyan avtobuslardan istifadə edirlər. Nəticədə isə ən böyük zərər onların özünə dəyir".
Qeyd edək ki, Ələt yolunda baş verən qəza nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.