Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 dekabr — Sputnik. Ticarət mərkəzlərində baş verən yanğın hadisələri mallarını sığorta etdirməyən sahibkarlara dəymiş zərərin ödənilməsi məsələsini yenidən gündəmə gətirib. Bu günlərdə sahibkarlarla görüşən yanan "EuroHome" ticarət mərkəzinin sahibi icarəçilərlə kompensasiyanın ödənilməsini müzakirə edib.
"EuroHome" ticarət mərkəzinin rəhbəri Azay Möhnətov deyib ki, dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir. "EuroHome" rəhbəri icarəçilərə bildirib ki, dəymiş zərər hesablanandan sonra sahibkarlarla ödəniləcək kompensasiyanın məbləği haqqında yenidən müzakirə aparılacaq.
Hazırda isə icarəçiləri maraqlandıran əsas məsələ onlara dəyən zərərin necə hesablanacağıdır.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sığorta olunmayan əmlaka dəymiş zərərin hesablanması praktiki baxımdam mümkün deyil. N.Cəfərlinin sözlərinə görə, buna da səbəb, qanunda nəzərdə tutulan müqavilə formalarının bu tip ticarət obyektlərində tətbiq edilməməsidir: "İcarə müqaviləsi bağlanmalı, sığorta məsuliyyəti olmalıdır. İcarə müqaviləsi mədəniyyəti Azərbaycanda formalaşarsa, belə hallarda dəyən zərərin ödənilməsi asan olar. Çünki icarə müqaviləsinə görə sığortalanma qaydaları müəyyənləşdirilə bilər.
Bundan başqa, bu tip mağazalarda alınan malların qeydiyyatı olmadığından, hesabdan-hesaba pul köçürülmədiyindən malların dəyərini hesablamaq çox çətindir. İndiki şərtlər daxilində, mallar nağd alındığından, heç bir sənədləşmə aparılmadığından dəymiş ziyanın ödənilməsi böyük narazılıqlara səbəb olacaq.
İcarəçi dəymiş ziyanı daha çox göstərmək istəyir, ticarət mərkəzinin sahibkarı isə bu məbləği azaltmaq marağında olur. Nəticədə maraqlar arasında konflikt yaranır. Bu problemlərin aradan qaldırılmasının əsas çıxış yolu müqavilə mədəniyyətinin bərqərar olması və alqı-satqı prosesinin sənədləşdirilməsi, ağardılmasıdır. Bunlar olarsa, sığorta qaydalarına uyğun olaraq binanın sahibi ilə yanaşı, icarəçilər də dəymiş zərərə görə sığorta ala bilərlər".
Sənin "Makintoş"un birdən yandı - kimyəvi silah maddəsinin hesabını kim verəcək?>>
Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Sputnik Azərbaycan-a bildirib ki, ticarət mərkəzlərində obyektlər sahibkarlara icarəyə verildiyindən icarəyə götürənlər mütləq mallarını sığorta etdirməlidirlər:
"Təəssüf ki, icarəçilər sığorta üçün müraciət etmirlər. Buna da səbəb malların fakturasız olmasıdır. Amma obyekt sahibi dəyən ziyanı sığorta şirkətindən alır, icarəçi sahibkarlar isə sığortanı ala bilmirlər.
Belə halda ticarət obyektlərinin sahibləri ən yaxşı halda icarəçilərdən aylıq icarə pulu almırlar. Ona görə də indiki halda malı yanan sahibkarların ticarət mərkəzi rəhbərinin təklifi ilə razılaşmaqdan başqa çarəsi qalmır".