BAKI, 17 dekabr — Sputnik. "Keşlə" Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı şübhəli bilindikləri üçün tutduqları postdan kənarlaşdırılıblar. Bu barədə məlumat Sputnik Azərbaycan-a futbol klubunun mətbuat xidmətindən verilib.
"Keşlə" Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov Azərbaycan çempionatının birinci divizionunda danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.
Xatırladaq ki, Azərbaycan futbolundakı nəticələrin manipulyasiyası ilə bağlı aparılan istintaq çərçivəsində 28 nəfər şübhəli bilinir, bunlardan 25-i futbolçu, 3-ü isə klub nümayəndəsidir.
"Keşlə"nin mətbuat xidmətindən bildiriblər ki, aparılan araşdırmaların Premyer Liqada oynayan futbol klubuna heç bir aidiyyatı yoxdur. Onlar Azərbaycan çempionatının birinci divizionunda çıxış edən "Binə" Futbol Klubundakı fəaliyyətləri zamanı nəticələrin manipulyasiyasında şübhəli bilinirlər.
"Bu mütəxəssislərin "Binə" klubunda işlədikləri dövrdə gördükləri işlərdən xəbərimiz yoxdur. Eyni zamanda, əminik ki, "Keşlə" klubunun məşqçiləri olaraq onlar hansısa nəticələri manipulyasiya etmək istiqamətində heç bir fəaliyyət göstərməyiblər. Bu, Premyer Liqada sadəcə mümkün deyil", - deyə klubun mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Babayev "Keşlə" klubuna ötən mövsümdə gəlib. Araşdırma zamanı hər iki məşqçinin klubdakı fəaliyyəti dayandırılıb. Babayev və Səfərovun gələcək taleyi ilə bağlı qərar daxili araşdırmaların nəticəsində "Keşlə"də qəbul ediləcək.
Əlavə edək ki, danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində "Binə" klubunun prezidenti Teymur Həsənov saxlanılıb. Klubun özü isə 2017-2018-ci il mövsümündə Azərbaycan çempionatının birinci divizionunda turnir cədvəli üzrə yeddinci yeri tutub.
"Keşlə" Futbol Klubunun rəsmi məlumatında o da deyilir ki, klub müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.
"Qeyd etmək istəyirik ki, aparılan araşdırmaların "Keşlə" Futbol Klubuna heç bir aidiyyatı yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və onların layiqli şəkildə cəzalandırılmalarını istəyir. Ölkə futbolunun inkişafı istiqamətində atılan addımları isə yüksək qiymətləndirir", - deyə FK bildirib.