BAKI, 17 dekabr — Sputnik. "Fətəli bəy Xoyskidən tutmuş Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev, o cümlədən də Cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadə, bir sözlə Azərbaycan Xalq Cümhuriyyəti istiqlalçılarının ev muzeyinin yaradılması gözəl bir təşəbbüs olardı. Onların ev muzeyinin yaradılması, tanıdılması lazımdır. Çünki onlar bizim üçün həyatlarını qurban veriblər". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.
Q.Məhərrəmli Cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan istiqlalının simvolu olduğunu deyərək onun üçün ayrıca ev muzeyinin yaradılmasının eyni zamanda da Cümhuriyyət tariximizin təbliğində müsbət töhfə verə biləcəyini deyir: "Məhəmməd Əmin Rəsulzadənin təbliğatı arzuolunan səviyyədə deyil. Bunun üçün ilk növbədə Cümhuriyyət banisimizin ev muzeyi yaradılmalıdır. Düzdür, ölkə başçımız Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq təqdirəlayiq addımlar atdı, müxtəlif tədbirlər keçirildi. Amma sırf gələcək nəsilə nəsə ötürmək üçün cəmiyyət də təşəbbüs göstərməlidir ki, belə bir ev muzeyi yaradılsın. Hər şeyi dövlətin öhdəsinə qoymaq olmaz. Məgər biz bir cəmiyyət yaradaraq ev muzeyi yaratdıq, dövlət buna mane oldu? Xeyr, sadəcə olaraq vətəndaş cəmiyyəti də bir hərəkət etməlidir".
"Cəmiyyət öz dəyərlərinə sahib çıxmalı, M.Ə.Rəsulzadənin ev muzeyi yaradılmalıdır. Bəziləri deyir ki, M.Ə.Rəsulzadənin ev muzeyi Novxanıda yaradılsın. Rəsulzadənin sadəcə olaraq uşaqlığı Novxanıda keçib. Lakin onun sonrakı həyatı Nizami küçəsi 59 ünvanında keçib. Biz də məhz həmin ünvanda onun ev muzeyinin yaradılmasını təklif edirik", - deyə Q.Məhərrəmli əlavə edib.
O bildirib ki, artıq bu təşəbbüslə əlaqədar olaraq növbəti addım kimi bir işçi qrupu da yaradılacaq.