BAKI, 25 iyun — Sputnik. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş "Azərbaycan mübarizə yolunda" adlı kitabı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub.
"Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhmədin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kitabın tərcüməçisi Tural Mehbaliyevdir. Rəsulzadənin "Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda" kitabı "Azərbaycan Milli Nəşriyyatı" seriyasının 11-ci kitabıdır. Kitab Parisdə 1930-cu ilin sentyabr ayında nəşr olunub, cəmi 36 səhifədir. Əsər 13 bölmədən ibarətdir. Kitabda Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.
Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyeri müqayisəli şəkildə təqdim edib, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayıb. Azərbaycan teatrında isə Qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazıb: "Azərbaycan teatrının repertuarında yüksək səviyyədə tərcümə olunmuş xarici tamaşalar da yer alırdı. Belə tamaşaların sırasında Şekspirin "Hamlet" və "Otello"sunu, Şillerin "Qaçaqlar"ını, İbsenin "Doktor Stokman"ını, Qoqolun "Müfəttiş"ini, Molyerin komediyalarını və bir çox başqa əsərlərin adını çəkmək olar".
"Kitabın yazıldığı 1930-cu il Azərbaycan üçün önəmli tarixdir. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır. 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Sovet dönəmində bu hərəkat haqqında bilgilər gizlədilsə də, mühacirət mətbuatında, xüsusilə də, "Odlu Yurd" dərgisində və "Bildiriş" qəzetində bu barədə kifayət qədər maraqlı məlumatlar var. Azərbaycanın demək olar ki, bütün bölgələrini bürüyən bu hərəkat qarşısında bolşeviklər bir müddət mübarizə apara bilmədilər. Amma bu fakt işğaldan 10 il ötməsinə baxmayaraq, əhalinin mövcud rejimi qəbul etmədiyini göstərirdi" - deyə Dilqəm Əhməd bildirib.
Onun sözlərinə görə, Rəsulzadə haqlı olaraq əsərində yazır: "Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar.
Kitab Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanıb. Təsadüfi deyil ki, Rəsulzadə Azərbaycan xalqının mübarizəsi haqqında bilgi verdikdən sonra yekunda yazır: "Sivil dünyanın nümayəndələri, indi söz sizindir. Qana bulanmış Azərbaycan digər Qafqaz xalqları ilə birlikdə sizin maddi olmasa belə, mənəvi dəstəyinizi və bu zülmə qarşı etirazınızı gözləyir".
Kitab "Çapar" Yayınlarında dərc edilib və Rəsulzadənin anadan olmasının 135-ci ildönümünə həsr edilib.