BAKI, 15 dekabr — Sputnik. Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə səhər saat 08:33 radələrində baş verib:
"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".
B.Məmmədov baş verən hadisənin qatarların intervalına təsir etmədiyini vurğulayıb.