Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. "Bizim 17 dizel generatorumuz var və onlar artıq yay aylarından istifadəyə hazır vəziyyətdə olub. Bu dizel generatorlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 10 yarımstansiyasında quraşdırılıb. Hazırda həmin generatorların ən müasir sistemlərlə idarə olunması istiqamətində işlər tamamlanmaq üzrədir. Bundan sonra Bakı şəhərində elektrik enerjisinin verilişi ilə bağlı hansısa məhdudiyyət və problem yaranarsa, bu dizel generatorlar işə düşəcək". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hərəkətin təşkili prinsiplərinə uyğun olaraq elektrik enerjisinin verilişində hansısa problem yaranarsa, dizel generatorların necə fəaliyyət göstərəcəyi və metropolitenin hansı rejimdə işləyəcəyi daha önəmli məsələ olacaq: "Belə olan halda ilk addım qatarların stansiyalara çıxarılaraq sərnişinlərin təxliyyəsi olunması, tunellərə baxış olacaq. Metropoliten bir rejimdən digərinə keçdiyi üçün dizellə işləyən bu generatorların sayəsində metronun işıqlanması və ekskalatorların fəaliyyəti də bərpa olunacaq".
Sərnişinlər təxliyə edildikdən sonra qatarlar 1 saat ərzində sınaq rejimində yoxlanılacaq, yenidən bütün infrastruktura baxış keçiriləcək: "Yalnız bundan sonra sərnişinlər metropolitenə buraxılacaqlar və minimal tələblər çərçivəsində Bakı metrosu fəaliyyətini davam etdirəcək. Yəni belə olan halda, gündəlik intervallar deyil, daha böyük intervallarla qatarların hərəkəti təmin olunacaq".