BAKI, 24 noyabr — Sputnik. "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə təşkil edilir.
Bu barədə Sputnik Azərbaycan-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı metropolitenində təmas relsində yaranmış nasazlıq qatarlar hərəkətə başlamamışdan qeydə alınıb.
Onun sözlərinə görə, nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".
"Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində tədbirlər görülür.