Konsertdən bütün gəlirini xeyriyyəçilik məqsədinə xərcləyən sənətkarlar tapmaq olduqca çətindir. Ölkəsində ən məşhur müğənni sayılmasına baxmayaraq, səmimi və sadə insan qalmaq ondan da çətindir. Amma deyəsən, Haluk Leventin belə işlərlə heç bir problemi yoxdur. O, Bakı dinləyicilərinə unudulmaz bir konsert bəxş edib desək, yanılmarıq.
Konsertin məqsədi isə Türkiyə vətəndaşı olan və limfomadan əziyyət çəkən azərbaycanlı Sura Nadirovanı xilas etmək olub. Hər şey bir tvittdən başladı. O, sosial mediada əməliyyatlara görə lazım olan məbləği yığmaq üçün Bakıda xeyriyyə konserti keçirmək istədiyini yazıb. Azərbaycan tərəfi də biganə qalmayıb və “Nargis” fondu bütün təşkilatçılıq işlərini öz üzərinə götürüb.
Beləliklə də, ilin ən səmimi və enerjili konserti ərsəyə gəlib. Haluk bütün axşam boyu dinləyiciləri ilə ünsiyyət qurub, azərbaycanlı həmkarları ilə Azərbaycan xalq mahnılarını ifa edib və bu yaxınlarda xərçəngdən vəfat etmiş Neslican Taya mahnı həsr edib.
Günün ən yaddaqalan məqamı isə Halukun zala enməsi olub. Onun bunu nə üçün etdiyini isə videomuzda izləyin.