Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Bakıda sərnişindaşımada istismar olunan bütün avtobuslarda əlilliyi olan şəxslər üçün uyğun şəraitin olması təmin ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. M.Ağayev bildirib ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Bütün daşıyıcılar qarşısında avtobus parkını yenilədikdə əlilliyi olan şəxslərin əlil arabasında avtobusa minib-düşməsi üçün mexanizmin olması tələbi qoyulub. M.Ağayev son iki ildə ölkəyə gətirilən avtobuslarda əlilliyi olan şəxslər üçün uyğun şəraitin olmasının təmin edildiyini bildirib: "Əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır. Əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə fiziki mühit və nəqliyyat xidmətlərindən istifadəsinin təmin olunması məqsədi ilə dövlət başçısı tərəfindən Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub. Ötən dövrdə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bir sıra layihələr icra edilib".
M.Ağayevin sözlərinə görə, Prezidentin əlilliyi olan vətəndaşlarımıza yönəlik sosial siyasətinin tərkib hissəsi olan bu tədbirlər şəhərimizin nəqliyyat sistemində bir ilk olaraq dəyərləndirilməkdədir: "Nəqliyyatda müyəssərliyin təmin olunması ilə bağlı ilk addım "BakuBus" MMC-nin yaradılması və bu çərçivədə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğun avtobusların gətirilməsi ilə atıldı. İlkin mərhələdə şəhərimizdə 300 belə avtobus var idisə, qısa zamanda bu tip nəqliyyat vasitələrini sayı 500-ə çatdırıldı. Ölkə başçısının avtobus parkının yenilənməsi məqsədi ilə imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd müasir avtobusları da əlavə etdikdə bu rəqəm daha da artmış olur".
Nəqliyyatda əlçatanlıqdan danışarkən diqqət yetirilməli olan vacib məqamlardan biri də piyada infrastrukturunun uyğun olmasıdır. BNA rəsmisi bildirir ki, bu məqsədlə piyada səkilərində eynisəviyyəli piyada keçidlərində pandusların quraşdırılmasına başlanılıb: "Son statistikaya əsasən, hazırda Bakı şəhərində 130-dan çox küçə və prospektdə 2000-ə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olundu. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutduğu sosial reabilitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır. Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb".
Görmə imkanları məhdud vətəndaşlarımızla bağlı tədbirlərdən danışan M.Ağayev bildirib ki, artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub. Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub.
Gözdən əlil vətəndaşların rahatlığı baxımından vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən işıqforlar quraşdırılmasıdır.
"Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində, əsasən bu qəbildən olan vətəndaşların daha çox istifadə etdiyi küçələrdə, səsli işıqforlar quraşdırlıb. Bakı Nəqliyyat Agentliyi eyni zamanda sosial məsuliyyət layihələri çərçivəsində də əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması üçün tədbirlər həyata keçirir. Bu mənada Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memarandumunun imzalanmasını vurğulamaq istərdim. Sənədə əsasən, Agentlik Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edir. 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq "Bakı 2019 Qran-Pri" yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsi BNA tərəfindən icra edilib. Bundan əlavə, hər il müxtəlif əlil təşkilatlarından fiziki imkanları məhdud şəxslərin müxtəlif tədbirlərə daşınması ilə bağlı müraciətlər daxil olur ki, onların da hər biri müsbət cavablandırılıb", - deyə mətbuat katibi bildirib.
M.Ağayev deyib ki, hazırda əlilliyi olan şəxslər üçün rahat şəraiti olan avtobusların sayı 800-dən çoxdur.