BAKI, 3 dekabr — Sputnik. Bu gün Beynəlxalq Əlillər Günüdür. Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı yaydığı xəbərdə bildirilir ki, hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs var.
Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir. Müharibə əlilləri və onlara bərabər tutulanlar, eyni zamanda I dərəcə əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin uşaqları aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər. Cari ildə Prezident cənab İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir.