Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 dekabr — Sputnik. Gələn ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə mərhələli şəkildə başlanılması nəzərdə tutulsa da, əhali icbari tibbi sığorta haqqını 2020-ci ilin yanvar ayından etibarən ödəməyə başlayacaq. Loru dildə desək, icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə icra edilsə də, icbari tibbi sığorta haqları mərhələli formada yığılmayacaq. Bəs görəsən ilin əvvəlindən icbari tibbi sığorta haqqını ödəyən vətəndaşlar yaşadıqları ərazidə icbari tibbi sığorta tətbiq olunanadək tibbi xidməti hansı formada, hansı səhiyyə müəssisəsindən almalıdırlar? Bu məsələ əhali arasında çaşqınlığa səbəb olub. Sputnik Azərbaycan əhalinin çox hissəsini maraqlandıran bu suala aydınlıq gətirməyə çalışıb.
İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək. Hazırda isə "İcbari Tibbi Sığorta Haqqında" qəbul edilən qanunun tətbiqi ilə bağlı işlər aparılır.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqinə mərhələli şəkildə başlanılsa da, icbari tibbi sığorta haqqını ödəyən hər bir vətəndaş 2020-ci ilin yanvar ayından etibarən xidmətlər zərfindəki tibbi xidmətlərdən yararlana biləcək. Deputat deyir ki, icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi tibbi sığorta haqqını ödəyən vətəndaşlara tibbi xidmət almaqda məhdudiyyət yaratmayacaq: "Bu isə o demək deyil ki, icbari tibbi xidmət ən son mərhələdə Bakı, Sumqayıt və Abşeronda fəaliyyətə başladığından, vətəndaşlar Bakıda tibbi xidmət almaq üçün son mərhələni, oktyabr ayını gözləməlidir. Əgər Bakı sakini icbari tibbi sığorta haqqını ödəyibsə, fevral ayında səhhətində yaranan problemlə əlaqədar xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edə biləcək. Çünki, artıq icbari tibbi sığorta sistemində işləyəcək tibb müəssisələri bəllidir. İcbari tibbi sığortanın mərhələli tətbiqinin maliyyə məsələsinə dəxli yoxdur. Vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək".
Məlumat üçün qeyd edək ki, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Məlumat üçün onu da bildirək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq. İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.
Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir. Gələn ilin yanvar ayından etibarən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. Beləcə dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.