BAKI, 2 dekabr — Sputnik. Çin rəhbərliyi Birləşmiş Ştatların bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirib.
Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, sanksiyalar NDI, HRW, "Freedom House" məşhur qeyri-hökumət təşkilatlarına da aid olunub.
Bundan əlavə, rəsmi Pekin hərbi gəmi və təyyarələrin Honkonqa daxil olması ilə bağlı ABŞ tərəfinin sorğularına baxılmasını da dayandırıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb.
Daha əvvəl isə ABŞ Konqresinin hər iki palatasının bəyəndiyi qanunverici təşəbbüs Amerika administrasiyasından Çin Xalq Respublikasının bu xüsusi inzibati ərazisində vəziyyət haqqında qanunvericilər qarşısında daim hesabat verməyi tələb edir və Honkonqda insan hüquqları ilə bağlı məsuliyyət daşıyan bəzi şəxslər barəsində sanksiyaların tətbiqi imkanını nəzərdə tutur.
Çin hakimiyyəti bundan əvvəl ABŞ-a qanun layihəsinin qəbulu ilə bağlı qəti etirazını ifadə edib.