BAKI, 29 oktyabr — Sputnik. Dünyanın neft ehtiyatlarının üçdə biri və neft hasilatının beşdə biri ABŞ sanksiyalarının altındadır.
Lebedinskaya izah edib ki, dünyanın neft ehtiyatları 1,66 trilyon barel təşkil edir – bunlardan 298,4 milyard barel Venesuelanın, 157,8 milyard barel İranın, 80 milyard barel isə Rusiyanın payına düşür.
Ekspert izah edib ki, bu üç ölkə 2015-ci ildə dünya üzrə gündəlik hasilatın 21,75 faizini təmin edib. Rusiyanın sutkada 10,1 milyon barel hasil etdiyi vaxtda, İran və Venesuela üçün bu göstərici müvafiq olaraq 3,1 milyon barel və 2,5 milyon barel təşkil edib. Bu ölkələr hasilat göstəricilərinə görə dünya üzrə müvafiq olaraq birinci, yeddinci və 11-ci yerləri tutublar.
"ABŞ-ın siyasi arenada aktivliyi neft hasilatının beşdə birinin sanksiyalar altına düşməsinə səbəb olub", - Lebedinskaya deyib.
Sanksiyalardan ən çox Venesuela zərər görüb – bu ölkənin sutkalıq neft hasilatı 3,3 dəfə azalaraq 0,75 milyon barelə çatıb.
Ekspert qeyd edib ki, bütün bunların fonunda ABŞ xam neftini yeni bazarlara satmağa başlayıb.
"ABŞ hazırda Rusiyadan sutkada 9,8 faiz çox neft hasil edir. Müqayisə üçün, 2019-cu il oktyabrın 5-də ABŞ-ın sutkalıq hasilat göstəricisi 11,8 milyon barel olub. Rusiyada isə bu göstərici 10,7 milyon barel idi. Əvvəllər Amerika neftinin 95 faizini Kanada alırdısa, hazırda neftin 25 faizi Avropaya gedir", - Lebedinskaya izah edib.