CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha neçə tələbə ölməlidir ki...

© © Sputnik / Varvara GerteПациент, архивное фото
Пациент, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bu psixoloji zərbəni onlar ömür boyu unutmayacaqlar. Görəsən, psixoloq xidmətinə müraciət edəcəklərmi?

BAKI, 23 noyabr — Sputnik. Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında baş vermiş faciəli hadisə uzun müddət yaddan çıxmayacaq. Təkcə ona görə yox ki, adi qida zəhərlənməsi Fizika fakültəsinin sonuncu kurs tələbəsi, 20 yaşlı Şəkər Xasmətovanın həyatı bahasına başa gəlib. Ona görə tələbə ölümü ilə nəticələnən hadisəni doğuran səbəblər aradan qaldırılmayıb. Və biz həmişə olduğu kimi səbəbdən yox, nəticədən danışıb, giley-güzar eləməyi xoşlayırıq.

BDU-da üç tələbə qız qidadan zəhərlənib - Sputnik Azərbaycan
HADİSƏ
Tələbənin öldüyü yataqxanada nə baş verib - HADİSƏ YERİNDƏN FOTO

Nəzərə alaq ki, Şəkər nişanlı idi və medianın yazdığına görə, nişanlısı onun öldüyünü xəstəxanada öyrənib. Onun otaq yoldaşları Dilrubə Quliyeva və Həmidə İbadova isə müalicələrini davam etdirirlər. Məzunlar universitet xatirələrini danışmağı çox sevirlər. Çox təəssüf ki, bu psixoloji zərbəni onlar ömür boyu unutmayacaqlar. Görəsən, psixoloq xidmətinə müraciət edəcəklərmi? Siz hansı psixoloqdan danışırsınız ki, tələbə şəhərciyində aptek belə yoxdur. Bağışlayın, deyəsən, axı 100 yaşlı universitetin şəhərciyi də yoxdur axı?..

Obyektiv səbəblərdən Bakı və eləcə də regionlarda yerləşən tələbə yataqxanaları yararsız hala düşüb. Uzun illər məcburi köçkünlərin məskunlaşdığı, haradasa yarım əsr bundan əvvəl tikilmiş beşmərtəbəli yataqxanaların təmirinə ciddi ehtiyac var. Mən demirəm, yenilərinin tikilməsi daha vacibdir, çünki ən azından, təzəsi düzələnə kimi mövcud olanı qorumaq daha optimal yol deyilmi? Məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsindən sonra yataqxanalar təmir olunmaq əvəzinə, xarabalığa çevrildi. Uzağa niyə gedək, götürək elə bədbəxt hadisənin baş verdiyi Bakı Dövlət Universitetinin tələbə şəhərciyi adlanan ərazisini. Buranı kim bu günə salıb? Əgər müharibədən sonrakı Suriya və ya İraqın xarabalıqlarını əyani görmək istəyirsinizsə, Mətbuat prospekti və Şərifzadə küçəsi aralığında yerləşən BDU-nun tələbə şəhərçiyi adlanan əraziyə baxmaq yetər. Görünməsin deyə Mətbuat prospekti boyunca hasar çəkiblər, çox təəssüf ki, bu penoplast hasarlar Əzrailin qabağını kəsməkdə aciz oldu.

İş orasındadır ki, universitetinin adı çaxır qaçaqmalçılığında hallanan keçmiş rəhbərliyi məcburi köçkünlər çıxan kimi istifadəyə yararlı olan yataqxanaları dağıdaraq şəhərciyi xarabalığa çevirdi. Yaxşı da arqument fikirləşmişdilər – BDU-nun 100 illiyinə kimi yataqxana adı altında Dubay göydələnlərini xatırladan kompleks tikiləcək. Hətta həmin dəbdəbəli layihənin ictimaiyyət üçün təqdimatı da keçirilmişdi. Bu il universitetin bir əsrlik yubileyidir və yeni rəhbərlik köhnə rektorun dağıtmağa vaxt tapmadığı beşmərtəbəli yataqxanaları bərpa etməyə başlayıb. Bizə sadəcə köks ötürmək və qırıla-qırıla gülmək qalır.

Yataqxana - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xaricdə kampus, bizdə qaçqın düşərgəsi: Tələbə yataqxanası problemi düzələcəkmi?

Kampus istənilən universitetin beynəlxalq reytinq qiymətləndirilməsində vacib detallardan biridir. Azərbaycanın çox az sayda ali məktəbini tapmaq olar ki, onun müasir standartlara cavab verən kampusları olsun. Hamı yaxşı bilir ki, hələ sovet dövründən bütün tələbələr yataqxanada qeydiyyatdan keçsələr də, yalnız rayonlardan paytaxta oxumağa gələn sosial təminatı zəif olan ailələrin uşaqları orada yaşayırdılar. Bakıda kirayə qiymətlərinin heç də hamı üçün əlçatan olmamasını nəzərə alsaq, tələbələr üçün komplekslərin tikilməsi olduqca vacibdir. Yalnız yatıb qalmaq üçün yox, tibbi xidməti, asudə vaxt keçirmək üçün şəraiti olan dəbdəbədən uzaq sadə kompleks.

Ümid edək ki, Şəkər və rəfiqələrinin başına gələn faciə sonuncu olacaq. Yalnız ümid edək, çünki faciəni doğuran səbəblər hələ aradan qaldırılmayıb.

Xəbər lenti
0