BAKI, 22 noyabr — Sputnik. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Dövlət Proqramında 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadla xəbər verir ki, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın, 4 manat isə emal müəssisəsi tərəfindən verilməsi bu sahəyə marağı daha da artırıb. Hazırda respublikamızın 38 rayonunun əhatə edən 5543 istehsalçının bu sahədə məşğulluğu təmin edilib. Nəticədə, 2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib.
Bu il ilk dəfə olaraq Zərdab rayonunda 300 qutu, Tərtər rayonunda isə 50 qutu tut ipəkqurdunun ikinci yemləməsi həyata keçirilib və hər qutu ipəkqurdundan 20 kq olmaqla cəmi 7 min kq yaş barama istehsal edilərək emal müəssisələrinə təhvil verilib.
Kənd təsərrüfatı naziri baramaçılığın və ipəkçiliyin yeni hədəflərini açıqladı>>
Ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə də bir sıra mühüm addımlar atılıb. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Gətirilmiş tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.
Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilərək yeni bağlar salınıb. Növbəti həftə isə yenidən Çin Xalq Respublikasından 1 milyon ədəd keyfiyyətli tut tingi gətiriləcək. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımı keyfiyyətli olduğu üçün barama qurdundan əldə olunan məhsulda bazar rəqabətinə dözümlü olur.