BAKI, 21 noyabr — Sputnik. Birləşmiş Ştatlar Senatının komitəsi bu ölkənin Rusiyadakı səfiri postuna Con Sallivanın namzədliyini təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu məlumat komitənin rəsmi saytında yerləşdirilib.
Sallivan hazırda ABŞ Dövlət katibinin müavini postunu tutur. Komitə bundan əlavə, xarici siyasət postları ilə bağlı daha 14 nəfərin namizədliyini təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Con Sallivan Pentaqon, Ədliyyə Nazirliyi və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. O, Dövlət Departamentində artıq iki il olmasına baxmayaraq, qurumda ən əsas fiqurlardan biridir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Dövlət katibinin birinci müavini Con Sallivanı Moskvaya səfir göndərə bilər.
Avqustun 7-də ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmanın istefa verdiyi xəbəri yayılıb. "The Salt Lake Tribune" qəzeti bildirib ki, səfir istefa ərizəsini artıq Prezident Donald Trampa göndərib. Məlumata görə, diplomat vəzifəsindən oktyabrın 3-də gedəcək. Qəzetin saytında Hantsmanın istefa məktubunun bir nüsxəsi yerləşdirilib. Məktubunda siyasətçi qeyd edib ki, ailəsi ilə əlaqələri bərpa etmək üçün xanımı ilə Amerikaya qayıtmaq niyyətindədir.