BAKI, 20 noyabr — Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin təsnifat mərhələsini qapını çırparaq başa vura bilmədi: səfərdə Slovakiya millisindən aldığı 2:0 hesablı məğlubiyyətlə turnirlə vidalaşdı.
Sputnik Azərbaycan bildirir ki, Trnavada millimizi qəbul edən Slovakiya komandası hər hissədə bir qol vurdu. Ev sahiblərinin heyətində Robert Bojeniklə Marek Hamşik fərqləndilər.
Matç olduqca süst keçirdi, komandalar sürətli hücumlara can atmır, ləng oyuna üstünlük verirdilər. Buna rəğmən, ev sahibləri topa daha çox nəzarət edir və Emil Balayevin qapısı qarşısında daha təhlükəli anlar yaradırdılar. Nəticədə 19-cu dəqiqədə Azərbaycan millisi qapısında ilk qolu gördü. Robert Bojenik Nikola Yurçeviçin futbolçularının səhvindən yararlanaraq oyunda hesabı açdı.
Birinci hissənin sonunadək Azərbaycan komandası rəqib qapısı qarşısında bir dəfə də olsun təhlükəli an yarada bilmədi. İkinci hissənin əvvəlində isə slovaklar daha bir qol vurdular, ancaq oyundankənar vəziyyət olduğu üçün hakim onu saymadı. Azərbaycan millisinin ilk təhlükəli həmləsi 64-cü dəqiqədə, Şəhriyar Rəhimovun ev sahiblərinin cərimə meydançasına qaldırdığı topu ilə sayıla bilərdi, amma burada da top sözə baxmadı və asma əvəzinə qapıya zərbə alındı, onu isə slovakların qolkiperi Martin Dubravka künc zərbəsinə çıxarmağı bacardı.
UEFA prezidenti "Puşkaş Arena"nın açılış mərasiminə qatılıb>>
Görüşün 81-ci dəqiqəsində Azərbaycan millisi oyunda hesabı bərabərləşdirmək üçün ikinci şans qazandı. Ramil Şeydayev mərkəzə doğru irəliləyərək Renat Dadaşova ötürmə etdi, o isə müdafiəçini aldatsa da, vaxt itirərək zərbəni dərhal vurmadı.
Dubravka da asanlıqla topu dəf etdi. Altı dəqiqə sonra isə məşhur "vurmayana vurarlar" qaydası işə düşdü. Slovakiya millisinin kapitanı qonaqların qapısına zərbə vurmaq imkanı qazandı, ancaq top Bəhlul Mustafazadəyə dəyib trayektoriyasını dəyişdi və birbaşa qapıya girdi.
İkinci qoldan sonra nəticə zatən bəlli idi.
Beləliklə, Azərbaycan millisi cəmi bir xal və "E" qrupundakı sonuncu yerlə AVRO-2020-nin təsnifat mərhələsini növbəti məğlubiyyətlə başa vurdu. "E" qrupundan Avropa çempionatının final mərhələsinə müvafiq olaraq 17 və 14 xalla birinci və ikinci yerləri tutan Xorvatiya və Uels milliləri çıxdı. Uelslilər təsnifatın son mərhələsində macarlara 2:0 hesabı ilə qalib gəldilər.
Əlavə edək ki, dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatması noyabrına 30-da Buxarestdə baş tutacaq.