BAKI, 19 noyabr — Sputnik. Türkiyənin İzmir şəhər prokurorluğu FETÖ terror təşkilatına qarşı əməliyyatlar çərçivəsində 133 hərbçinin saxlanılması barədə qərar verib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, hərbçilərin həbs edilməsinə dair Türkiyənin 44 vilayətində eyni zamanda əməliyyat keçirib. Şübhəli bilinən 133 hərbçidən 82-si hazırda ordu sıralarında xidmət edir.
Hazırda 101 hərbçinin həbs edildiyi bildirilir. Digər hərbçilərin saxlanılması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi çevrilişə cəhd edib. İstanbul və Ankarada baş verən toqquşmalar zamanı 250 nəfər ölüb, 2 mindən çox şəxs yaralanıb.