BAKI, 19 noyabr — Sputnik. Noyabr ayının 15-dən 17-dək Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə "Aurore cup 2019" Bədii Gimnastika üzrə beynəlxalq turniri keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışda Azərbaycanı Mina Abbasova təmsil edib.
Bu mötəbər idman tədbirində də yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə 2-ci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.
Bununla da balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) aktivinə yazdırıb.
Xatırladaq ki, o, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri "Rus RG Sport" klubunun üzvüdür. Bu ay ərzində artıq üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirdə qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olub.
Qarşıda Minanı ilin son turniri - Budapeştdə keçiriləcək ənənəvi "Yeni il" Beynəlxalq Gimnastika yarışması gözləyir.