Sahib Verdiyevin əsas işi avtomobil çilingərliyidir. Amma bir dəfə qardaşı qızı ona bu işlə məşğul olmağı təklif edib. Həmin gündən Sahib Verdiyev stimpankla (metal üzərində incəsənət) məşğuldur.
Maraqlısı odur ki, o, öz işlərində xammaldan deyil, tullantılardan istifadə edir. Özü avtomexanik olduğuna görə lazımsız avtomobil hissələrini tullamır, onlara ikinci həyat verir.
Ötən il “Təmiz Şəhər”in təşkil etdiyi “Tullantıdan sənətə” sərgisinə “Nəsiminin Taxt-tacı” işini təqdim edib. Bu, onun indiyədək gördüyü ən irimiqyaslı işidir. 2 metr hündürlüyü və 150 kq çəkisi olan taxt-tacı haradasa 3 aya bitirib. Ümumiyyətlə, o, bir işin üzərində 2 saatdan 3 aya qədər çalışır. Məsələn, xüsusilə Sputnik Azərbaycan üçün hazırladığı ürək haradasa 30 dəqiqə ərzində ərsəyə gəldi. Bu cür işləri o, daha sonra asetona batırılmış fırça ilə təmizləyir, çünki bəzən dəliklərdə hələ də mühərrik yağı qalır. Daha sonra isə hazırlanan məmulat istənilən rəngə boyana bilər.
Azərbaycanda tullantı ilə çalışan yeganə stimpankerin arzusu öz emalatxanasına sahib olmaqdır. Çünki onun ürəyindən kiçik fiqurlar düzəltmək deyil, irimiqyaslı layihələr üzərində çalışmaq keçir.