Türkiyə - İslandiya döyüşü
İslandiyalılar İstanbulda yalnız qələbə qazandığı təqdirdə AVRO-2020-nin final mərhələsinə birbaşa vəsiqə qazanmaq şansını saxlayacaqlar. Lakin bu elə də asan deyil. Bir neçə ay əvvəl türklər öz meydanlarında Fransanı məğlub ediblər, son 11 oyunda isə onlar yalnız bir dəfə məğlub olublar. Digər tərəfdən, məhz islandiyalılar iyun ayında 2:1 hesabı ilə türkləri məğlub ediblər. Erika Hamrenin rəhbərlik etdiyi komanda bu seçmə mərhələdə qeyri-sabit şəkildə çıxış edir, ancaq islandiyalıların irəli getməkdən başqa çarələri yoxdur. Kim bilir, ola bilsin ki, oyunda öz sözünü Kolbeyn Siqtorsson dedi. Belə ki, futbolçunun İslandiya millisinin heyətində 27-ci – rekord qolunu vurmaq şansı var.
H Qrupu: Türkiyə (19), Fransa (19), İslandiya (15), Albaniya (12), Andorra (3), Moldova (3)
Cümə axşamı: Türkiyə - İslandiya (18:00), Fransa - Moldova, Albaniya - Аndorra
Bazar günü: Andorra – Türkiyə, Moldova - İslandiya, Albaniya – Fransa
Ard-arda 7-ci Avropa Çempionatı?
Siz 1996-cı ildən bəri keçirilən bütün Avropa Çempionatlarında iştirak edən ölkələri saya bilərsiniz? Böyük ehtimalla İspaniya, İtaliya, Fransa, Portuqaliya və Almaniyanın adını çəkəcəksiniz, lakin Çexiyanı heç də hamı xatırlamayacaq. Lakin son 10 ildə təsnifat mərhələsində ilk dəfə İngiltərəyə məğlubiyyət acısı yaşadan Çexiya millisinin bu önəmli seriyanı davam etdirmək üçün yaxşı şansları var. Bunun üçün çexlərə öz meydanlarında Kosovo millisinə qalib gəlmək kifayət edir. Yox, əgər Kosovo milisi qalib gəlsə, onda məhz bu komanda son tura favorit olaraq başlayacaq. İngilislərə gəldikdə isə onlara qalan iki oyunda sadəcə bir xal da toplamaq kifayət edir.
A Qrupu: İngiltərə (15), Çexiya (12), Kosovo (11), Montoneqro (3), Bolqarıstan (3)
Cümə axşamı: İngiltərə - Monteneqro, Çexiya - Kosovo
Bazar günü: Kosovo – İngiltərə (18:00), Bolqarıstan - Çexiya (18:00)
Portuqaliyanın qrupda qalmaq riski var
"Qalan iki oyunda qalib gəlmək lazımdır. Bu oyunlar bizim üçün final oyunları kimi olacaq", - deyə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş oktyabr ayında Ukraynaya məğlubiyyətdən sonra demişdi. Bu qələbədən sonra ukraynalılar qrupda ilk pilləni özlərinə təmin ediblər, portuqaliyalıların işi isə çətinləşib. Litva və Lüksemburqla oyunlarda qazanılan 6 xal Portuqaliyanı çempionatın final mərhələsinə çıxarır. Bu oyunlarda xal itkisi nəticəsində isə Serbiya millisi qrupda ikinci yeri tuta bilər. Bu halda Portuqaliya isə pley-off oyunları oynamalı olacaq.
B Qrupu : Ukrayna (19), Portuqaliya (11), Serbiya (10), Lüksemburq (4), Litva (1)
Cümə axşamı: Portuqaliya - Litva, Serbiya – Lüksemburq
Bazar günü: Serbiya - Ukrayna (15:00), Lüksemburq - Portuqaliya (15:00)
Buxarestdə ikinci yer uğrunda oyun
İsveçlilər İspaniya millisinin son saniyələrdə Stokholmda vurduqları qol hesabına heç-heçə (1:1) edərək Avropa Çempionatına vəsiqəni özlərinə təmin edən zaman məyusluqlarını gizlətmirdilər. Lakin İsveç millisinin baş məşqçisi Yanne Anderson yaxın vaxtlarda komandasının üçqat Avropa çempionlarının uğurunu təkrar edəcəyinə əminliyini ifadə edib. Bunun üçün isə İsveç millisinə Buxarestdə qələbə lazımdır. Rumıniya millisinin gənclərdən ibarət olmasına baxmayaraq, onlara ehtiyatla yanaşmaq gərəkdir. Son iki ildə Rumıniyanı öz meydanında yalnız İspaniya millisi məğlub edə bilib.
F qrupu: İspaniya (20), İsveç (15), Rumıniya (14), Norveç (11), Farer adları (3), Malta (3)
Cümə günü : Norveç – Farer adları (18:00), Rumıniya - İsveç, İspaniya - Malta
Bazar ertəsi: İspaniya - Rumıniya, İsveç – Farer adaları, Malta – Norveç
Bütün yollar Dublinə aparır
İsveçrə millisi D qrupunda liderlik edən İrlandiya və Danimarkadan cəmi bir xal geri qalır. İki turda iki qələbə İsveçrə millisinə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandırır. Düzdür, Gürcüstanla oyun asan olmayacaq. Bu payız gürcülər irlandiyalılar və danimarkalılardan xal qopara biliblər. Danimarkanın özü isə Cəbəlüttariq millisinə qalib gəlməlidir. Bu halda bazar ertəsi onu Dublində İrlandiya millisi ilə həlledici görüş gözləyir.
D Qrupu: İrlandiya (12), Danimarka (12), İsveçrə (11), Gürcüstan (8), Cəbəlüttariq (0)
Cümə günü : İsveçrə - Gürcüstan, Danimarka - Cəbəlüttariq
Bazar ertəsi: İrlandiya - Danimarka, Cəbəlüttariq – İsveçrə
Şimali İrlandiya üçün super hədəf
"Bu komanda inanır ki, böyük səhnə və qrandlarla oyunlar üçün doğulub", - deyə Şimali İrlandiyanın məşqçisi Maykl O`Nil bu yaxınlarda öz yetirmələri barədə danışarkən bildirib. Bəli, Şimali İrlandiya AVRO-2016-da 1/8 mərhələdə oynayıb, lakin AVRO-2020-nin final mərhələsinə çıxmaq üçün onlar şənbə günü Niderlanda, daha sonra isə Almaniyaya qalib gəlməlidirlər. Son illər şimali irlandiyalılar müntəzəm olaraq öz adlı-sanlı rəqiblərinə qalib gəliblər, lakin indi onların bu hədəfi yerinə yetirilməz görünür.
C qrupu : Niderland (15), Almaniya (15), Şimali İrlandiya (12), Belarus (4), Estoniya (1)
Şənbə günü: Şimali İrlandiya - Niderland, Almaniya - Belarus
Çərşənbə axşamı: Almaniya – Şimali İrlandiya, Niderland – Estoniya
Avstriya yüksəlişdə
Polşa millisi AVRO-2020-nin final mərhələsinə öz vəsiqəsini təmin edib. Avstriyalılar isə qrupda ikinci yeri tutmaqda favoritdirlər. Franko Fodun komandası təsnifat mərhələsinə iki məğlubiyyətlə başlasa da, sonrakı oyunlarda mümkün 18 xaldan 16-nı (top fərqi: 15-2) qazanıb. Final mərhələsinə çıxmaq üçün Avstriyanı qrupda onu izləyən və 11 xalları olan üç millidən biri olan Şimali Makedoniya ilə oyunda heç-heçə də qane edir.
G qrupu: Polşa (19), Avstriya (16), Şimali Makedoniya (11), Sloveniya (11), İsrail (11), Latviya (0)
Şənbə günü: Sloveniya - Latviya (18:00), İsrail - Polşa, Avstriya - Şimali Makedoniya
Çərşənbə axşamı: Şimali Makedoniya - İsrail, Polşa - Sloveniya, Latviya – Avstriya
Uels ambisiyası
"Bu xal bizim üçün həlledici ola bilər", - deyə Rayan Qiqqz oktyabrda xorvatlarla (1:1) heç-heçədən sonra bildirib. Əgər E qrupundakı vəziyyətə baxsaq, onda Uels millisinin baş məşqçisinin sözləri dərhal anlaşılmır. Uels millisi ikinci pillədə qərarlaşan Macarıstandan dörd xal geri qalır, lakin yenə də Avropa Çempionatının final mərhələsinə çıxacağına inanır. Əgər Xorvatiya Slovakiya millisinə qalib gəlsə, bunun üçün "Əjdahalar"a noyabr ayında keçiriləcək hər iki oyunda qalib gəlmək kifayət edir. Lakin hələlik Uels millisi iki oyunda ard-arda qalib gələ bilməyib, həm də Slovakiya və Macarıstanın buna dair öz planları var.
E qrupu : Xorvatiya (14), Macarıstan (12), Slovakiya (10), Uels (8), Azərbaycan (1)
Şənbə günü: Azərbaycan - Uels (18:00), Xorvatiya - Slovakiya
Çərşənbə axşamı : Uels - Macarıstan, Slovakiya – Azərbaycan
Sankt-Peterburqda reytinq uğrunda mübarizə
Belçika və Rusiya təsnifat mərhələsini praktiki olaraq qüsursuz keçiblər. Belçikalılar hələlik itkisiz gedirlər, Rusiya millisi isə yalnız bir dəfə Brüsseldə 1:3 hesabı ilə ev sahiblərinə məğlub olub. Hər iki komanda Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb və Sankt-Peterburqda ikinci dərəcəli məsələləri həll edəcək. Millilər hər şeydən öncə Avropa ümumi təsnifat reytinqində yer uğrunda mübarizə aparacaqlar. Məhz bu reytinq noyabrın 30-da final mərhələsinin püşkatması zamanı komandaların olacağı səbətləri müəyyənləşdirəcək. Burada əsas kriteriya təsnifat mərhələsində millilərin qrupdakı yerləri və hər qrupda beş ən güclü komandalarla oyun zamanı əldə olunan xallar olacaq.
I Qrupu: Belçika (24), Rusiya (21), Kipr (10), Şotlandiya (9), Qazaxıstan (7), San-Marino (0)
Şənbə günü: Kipr - Şotlandiya (15:00), Rusiya - Belçika (18:00), San-Marino - Qazaxıstan (18:00)
Çərşənbə axşamı: Belçika - Kipr, San-Marino - Rusiya, Şotlandiya - Qazaxıstan