BAKI, 5 noyabr — Sputnik. Daha əvvəl ABŞ prezidenti Donald Trampı 20 il qabaq baş vermiş cinsi təcavüzdə ittiham edən jurnalist Cin Kerroll (E.Jean Carroll) dövlət başçısını nüfuzuna xələl gətirdiyinə görə məhkəməyə verib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, NBC telekanalının məlumatına görə, şərəf və ləyaqəti qorumaqla bağlı iddia bazar ertəsi Nyu-York məhkəməsi qarşısında qaldırılıb. İddiaçı Trampın təcavüz iddialarına reaksiyasının, xüsusən bunu kitab satışları və siyasi motivlərlə əlaqələndirmək cəhdlərinin onun nüfuzuna xələl gətirdiyini iddia edir.
"Tramp səsləndirdiyi ifadələrin yalan olduğunu bilirdi. Ən azından, onların həqiqət və ya yalan olmasına dair etinasız davrandı", - deyə Kerroll yazıb.
Bəyanata görə, prezidentin sözləri jurnalistə "emosional ağrı və əzab verib, nüfuzuna xələl gətirib və əhəmiyyətli dərəcədə peşəkar zərər vurub". Jurnalist prezidentdən ittihamlarından imtina etməsini və dəymiş ziyanın ödənilməsini tələb edir.
Kerroll ortaya atdığı iddia ilə bağlı deyib ki, bunu cinsi təcavüzə məruz qalan hər bir qadının maraqları xatirinə edir.
"Mən artıq Donald Trampı 20 ildən xeyli əvvəl mənə təcavüz etdiyinə görə məsuliyyətə cəlb etdirə bilməsəm də, bu barədə yalan danışdığına görə hesab tələb edə bilərəm və bunu mütləq etmək niyyətindəyəm", - deyə Kerroll əlavə edib.
"Elle" qadın jurnalının köşə yazarı Cin Kerroll əvvəllər Trampı 90-cı illərdə onu "Bergdorf Goodman" univermağının soyunub-geyinmə otağında zorlamağa cəhd etməkdə günahlandırmışdı. Qadın bu barədə "New York Magazine" jurnalının səhifələrində yayımlanan kitabında bəhs edib. Jurnalistin sözlərinə görə, o, bu insidentlə bağlı polisə şikayət etməyib, sadəcə, iki yaxın dostuna bu barədə danışıb. Həmçinin bildirib ki, onun bu olayla bağlı əşyayi-dəlili yoxdur. Nəşrdə o da bildirilir ki, yazar həmin vaxt çəkilmiş videoyazını da saxlamayıb.
Tramp isə birmənalı şəkildə bu ittihamları rədd edib. O qeyd edib ki, bu, ağ yalandır, Kerrolla heç vaxt görüşməyib və o, prezidentə hücumun köməyilə özünün yeni kitabını satdırmağa çalışır. Ağ Evin mətbuat xidməti də artıq jurnalistin yeni iddiasını "saxta" adlandırıb.