BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) narazı üzvlərinin yeni qurulacaq partiyalara keçməməsi üçün bir sıra addımlar atmağa çalışır.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, AKP rəhbərliyi Türkiyənin sabiq Xarici İşlər naziri Əli Babacan və sabiq Baş naziri Əhməd Davudoğlunun bu ilin sonunadək quracaqları partiyalara narazı üzvlərinin keçməməsi üçün müxtəlif yollar axtarır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın böyük qurultayının 2020-ci ilin sonlarında keçiriləcəyini açıqlayıb. Ərdoğanın qurultaylarda təşkilat rəhbərliyinin təxminən yarısını dəyişdirəcəyi gözlənilir.
AKP-nin bölgə təşkilatlarının keçmiş sədrlərinə vəzifə veriləcəyi bildirilir. Bu addım narazıların partiyadan çıxmasının qarşısının alınması məqsədi daşıyır.
Növbəti böyük qurultayda təxminən 400 keçmiş təşkilat sədrlərinin bəzilərinin 1450 nümayəndə arasında olacağı gözlənilir. Nümayəndə ola bilməyənlərə isə təşkilat rəhbərliyində vəzifə verilməsi gözlənilir.
Qeyd edək ki, AKP-dən ilk səs-küyə səbəb olan istefa iyulun 8-də baş verib. Belə ki, Türkiyənin sabiq Baş Nazirinin müavini və Xarici İşlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan edib.
Sentyabrın 13-də Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları daha da gücləndirib. Əhməd Davudoğlu isə iddiaları bu sözlərilə təsdiqləyib: "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik".