Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. "Dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu, tək Azərbaycanda deyil, hər bir ölkənin iqtisadiyyatındadır.
İqtisadçı-ekspert Vüqar Bayramov ölkədə iqtisadi fəallığın artması üçün dövlət qurumlarının tariflərinə yenidən baxılması məsələsini Sputnik Azərbaycan-a şərh edib.
Ekspert bildirib ki, Azərbaycanda bir sıra tarif dərəcələri bütövlükdə bəzi sektorların inkişafına mane olur: "Xüsusən də turizmin inkişafına mane olan amillərdən biri hava nəqliyyatına tətbiq edilən tariflərdir. Bunların kifayət qədər yüksək olması ölkəyə uçuşun bahalı olmasına gətirib çıxardır. Nəticədə bu, ona səbəb olub ki, hələ də Azərbaycana daha qənaətcil reyslərin açılması reallaşmayıb.
Əgər avropalılar Gürcüstana bəzi hallarda hətta ikitərəfli bileti 30-40 avroya ala bilirlərsə, bu, Azərbaycana praktiki olaraq mümkün deyil, çünki tariflər yüksəkdir.
AZAL-ın tətbiq etdiyi tariflər yüksək olduğuna görə ölkəyə gələn digər aviaşirkətlər daha yüksək qiymətli bilet təklif etmək məcburiyyətindədir. Azərbaycana uçmaq baha olduğuna görə bu, turist sayına mənfi təsir göstərir".
"O baxımdan xüsusən də AZAL-ın tətbiq etdiyi tariflərə yenidən baxılmasına və tariflərin dəyişdirilməsinə ehtiyac var. Çünki AZAL-ın mövcud tarifləri ilə turizmin uzunmüddətli dövr üçün inkişafı praktiki olaraq çətindir və onun dəyişdirilməsinə ehtiyac var", - deyə o bildirib.
Ekspert qeyd edib ki, digər sektorlarda olan tariflərə də baxılması məqsədəuyğun olar: "Tariflərin şaxələndirilməsinə ehtiyac var və tariflər biznesin inkişafına stimul verməlidir. Məsələn, mavi qaz ilə bağlı tariflərə baxılmasına və xüsusən də biznes üçün aşağı tariflərin müəyyən edilməsinə ehtiyac var. Vətəndaşlar üçün daha məqsədəuyğundur ki, qaz ilə bağlı müəyyən edilmiş limitlər aradan qaldırılsın və onlar daha ucuz qiymətə mavi yanacaq əldə edə bilsinlər".
V.Bayramovun fikrincə, sahibkarlar üçünsə daha aşağı, daha ucuz mavi qaz satışının həyata keçirilməsinə ehtiyac var:
"Məsələn, tərəvəz istixanalarında böyük həcmdə mavi qazdan istifadə edilir, bunun xərci baha olduğuna görə məhsul da baha başa gəlir. Bu da sahibkarın daha çox gəlir əldə etməsinə və ya rəqabət aparmasına mane olur. Ona görə də xüsusən müəyyən limitdən sonra daha çox mavi qaz istehlak edən sahibkarlar üçün kifayət qədər ucuz tarifin müəyyən edilməsinə ehtiyac var ki, bu, sahibkarlığın inkişafını stimullaşdırsın".
O bildirib ki, eynilə su və xüsusən meliorasiya xidmətləri üçün eyni tariflərin müəyyən edilməsinə ehtiyac var: "Çünki bu da nəticədə biznesin inkişafı baxımından çox vacibdir. Elektrik enerjisi ilə bağlı Avropada olduğu kimi, gecə və gündüz tariflərinin müəyyən edilməsinə və fərqli biznes üçün daha uyğun tariflərlə elektrik enerjisinin təklif olunmasına və satılmasına ehtiyac var.
O baxımdan biz AZAL-ın, "Azəriqaz"ın, "Azərenerji"nin, "Azərsu"nun tariflərinə yenidən baxılmasını və onların aşağı salınmasını təklif edirik. Xüsusən də sahibkarlıq subyektləri üçün daha ucuz tariflər ilə xidmətlərin göstərilməsinə ehtiyac var ki, biznesin uzun müddətli və dayanıqlı inkişafını müşahidə etmək mümkün olsun. Nazirin çıxışında daha çox söhbət sahibkarlara güzəştli və ya daha ucuz tariflərə çıxış imkanlarının verilməsindən gedə bilər".