BAKI, 29 oktyabr — Sputnik. Özəl uşaq bağçalarında təhsil alanların sayı artıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı məcmuəsində qeyd olunub.
Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018-2019-cu tədris ilində ölkədə 124 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. 2018-ci ildə onların sayı 105, 2016-cı ildə isə 66 olub. Ən az özəl məktəbəqədər təhsil müəssisəsi isə 2004-cü ildə qeydə alınıb. Həmin ildə ölkə ərazisində 3 məktəbəqədər müəssisə mövcud olub.
2019-cu ildə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 60-ı uşaq bağçası, 64-ü isə körpələr evi olub.
Göstəricilərdən məlum olum olur ki, özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı ötən illərlə müqayisədə artıb. 2019-cu ildə özəl məktəbəqədər təhsil müəssisələrində 4927 uşaq təhsil alıb. Ötən il bu say 3838, 2016-cı ildə isə 2397 olub. 2410 uşaq sırf özəl uşaq bağçasında təhsil alıb. 2018-ci ildə isə bu göstərici 1909 idi. Qeyd edək ki, məcmuədə dövlət və özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı müxtəlif statistikalar əks olunub.