Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. Şagirdlərin çantasının həddindən artıq ağır olması, dərslik yükü valideynləri narahat edən əsas problemlərdəndir. Bədəni hələ kövrək olan, sümükləri hələ bərkiməyən körpələrin ağır çanta səbəbindən müxtəlif fiziki deformasiyaya uğraması kimi ağır problemdən dəfələrlə yazılıb.
Yeni təhsil müəssisəsini hər kəs səhv salır - bağçadır, yoxsa məktəb?>>
Dünyanın bəzi ölkələrində artıq şagirdlər məktəbə kitab daşımaq kimi yükdən azad olunublar. Belə ölkələrin təhsil sistemində İKT-nin tətbiqi sayəsində şagirdlər məktəbdə dərslərini ənənəvi dərsliklər vasitəsilə yox, elektron lövhələr vasitəsilə keçirlər. Dərslik rolunu e-dərsliklər oynayır.
Qeyd edək ki, bu günlərdə Təhsil naziri Ceyhun Bayramov da məsələyə toxunaraq elektron dərsliklərin istifadəsinin vacibliyini vurğulayıb. Nazir elektron dərsliklərin bir sıra üstünlüklərinə toxunub: "Bu, əlavə bir üstünlük, əlavə bir imkandır. Yəni, dərsliyi özünüzlə aparmamaq imkanı əldə edirsiniz. Elektron dərsliklərin üstünlüyü həm də ondadır ki, biz bir çox hallarda onları zənginləşdirə bilirik. Məsələn, dillə bağlı olan dərsliklərə qulaq asmaq mümkündür. Yaxud, laboratoriya görüntüləri dərsliklərə inteqrasiya edilir. Nəticədə zənginləşdirilmiş dərsliklərimizin sayı da artır. Bu da şagirdlərin həmin dərsliklərə müraciət etməyə marağının artması istiqamətində də müsbət işdir və biz bunun artıq ilkin nəticəsini görürük."
Sputnik Azərbaycan Azərbaycanda elektron dərsliklərin istifadəsi ilə bağlı mövcud vəziyyəti araşdırıb.
Təhsil İnstitutunun İnformasiya şöbəsinin müdiri Kənan Kərimli açıqlamasında bildirib ki, 2014-cü ildən Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) hazırlanıb. O, bildirib ki, elektron dərslik portalında 39 dərslik yenilənib. Həmsöhbətimizin sözlərinə görə, hər bir şagirdin bu portala çıxışı mümkündür. Yetər ki, şagirdlər kompüter, planşet və smartfonla təmin olsun: "Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi bu gün də davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Azərbaycan bölməsi üzrə 2-10-cu siniflərin dərsliklərinin 96 faizi, rus bölməsi üzrə isə 76 faizi hazırlanaraq portala yerləşdirilib. Şagirdlər rahatlıqla elektron dərslik portalından həmin dərslikləri smartfonlarına yükləyərək istifadə edə bilərlər".
K.Kərimli deyir ki, şagirdlərin elektron dərslik portalına marağı böyükdür: "Yeni tədris ilinin başladığı tarixdən e-derslik portalı ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub. Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edənlərin məskunlaşdığı ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq Riyaziyyat 6-cı sinif, İngilis dili 7-ci sinif, İngilis dili 5-ci sinif, Riyaziyyat 7-ci sinif və Coğrafiya 6-cı sinif olub".
Şöbə müdiri deyir ki, şagirdlərin elektron dərsliklərdən istifadəsini asanlaşdırmaq üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur: "Şagirdlər rahatlıqla portala daxil olub öz sinif dərsliklərini seçib smartfona yükləyə bilərlər. Bu zaman şagirdə həmin dərslikdən istifadə üçün internet də lazım olmur".
Həmsöhbətimiz deyir ki, elektron dərsliklər təkcə şagirdləri kitab yükündən azad etmir. Elektron dərsliklərin digər üstünlükləri də var: "Elektron dərsliyin bir üstünlüyü ondadır ki, onun üzərində qeydlər aparmaq mümkündür. Həmçinin şagird elektron dərslikdə ona lazım olan mövzu ilə bağlı axtarış da apara bilər. Bundan əlavə, portalda zənginləşdirilmiş dərsliklər də var. Şagird keçdiyi dərs üzrə həmin dərsliklərdən daha ətraflı məlumat ala bilər. Bu gün elektron dərslik portalında bəzi fənlər üzrə dərsləri şagirdin daha yaxşı anlaması üçün laborator video da yerləşdirilib. Üstəlik, şagird mövzunu səsli formada da dinləyə bilər. Müəyyən dərsliklərə səsli format da əlavə olunub. Bu, əsasən xarici dil fənlərində şagirdlərin köməyinə çatır.
K.Kərimlinin sözlərinə görə www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
Bu zaman sual yaranır, şagirdlərin elektron dərsliklərdən istifadə etməsi üçün resurs varsa, bəs nə üçün məktəblərdə elektron dərsliklərdən istifadə edilmir?
Mehriban Əliyeva: "Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanıb">>
K.Kərimli deyir ki, bunun üçün bütün şagirdlərdə planşet, smartfon olmalı, Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi sürətləndirilməlidir.
Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildiriblər ki, rəqəmsal texnologiyaların müasir təhsil sistemində aktuallığını nəzərə alaraq, Azərbaycan təhsil sistemində davamlı olaraq informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilir, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi aparılır: "Təhsil Nazirliyi tərəfindən bu sahədə müxtəlif layihələr icra olunur. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə 2124 ümumi təhsil müəssisəsinə 20,000 ədəd noutbuk paylanılıb. Paylanılan avadanlıqların 30%-i Bakı şəhərinə, 70%-i isə rayonlara verilib. Qeyd edək ki, kompüter avadanlığının paylanılması ümumtəhsil müəssisələrində idarəedici heyət və İKT otaqlarının kompüter avadanlığı ilə təminatı üzrə normativlərə əsasən həyata keçirilib".
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq qonşu Gürcüstanda bütün şagirdlər elektron dərsliklərdən istifadə edirlər: "Bu ölkədə çox az sayda dərslik çap olunur. Gürcüstanda uşaqlara elektron dərslik istifadəsi üçün planşetlər paylanılıb. Azərbaycanda isə elektron dərsliklərdən istifadə faizi o qədər də yüksək deyil. Çünki ölkəmizdə dərsliklər pulsuz çap olunaraq şagirdlərə paylanılır. Şagirdlərin elektron dərsliklərdən istifadəsinə ehtiyac qalmır. Halbuki, elektron dərsliklərin ənənəvi dərsliklərdən bir sıra üstünlükləri var. Şagird harasa getdikdə rahatlıqla elektron dərsliyi daşıya bilir. Bundan əlavə, elektron dərsliklər oflayn proqramda işlədiyindən hər bir evdə internetin olması vacib deyil. Azərbaycanda da dərslik əvəzinə şagirdlərə planşetlərin paylanması daha yaxşı olardı. Bu, şagirdləri hər gün məktəbə kitab daşımaq yükündən azad edə, onların dərsə marağını artıra və keçdikləri mövzu üzrə daha çox məlumat əldə etməsinə imkan yarada bilər".