BAKI, 25 oktyabr — Sputnik. Hər şey 50 qramdan başlayır. Əvvəlcə 50, sonra daha bir 50, sonra daha bir 50... Bir də ayılırsan ki, içib, tində-bucaqda yatmısan.
Rəsmi mənbələr Azərbaycanda 20 mindən artıq alkoqolizmə düçar olmuş şəxsin olduğunu deyir. Əyyaş olduğunu boynuna almayan da az deyil. Bunlar da gizli alkoqoliklərdirlər. Dini səbəbdən içki içməyən də az deyil. Amma digər düşərgədə alkoqolsuz yaşaya bilməyənlərin sayı da artmaqdadır.
İçkiyə qurşanıb, alkoqolizmdən əziyyət çəkirmiş
Lena bizim yataqxananın ən gözəl qızlarından biri idi. Bir mələyə bənzəyirdi, ucaboy, hündur qamətli, qarasaçlı, göygöz bir xanım idi. Ağappaq dərisi elə bil işıq saçırdı. Ətrafda olan hər bir gənc oğlan onunla tanışlığa çalışırdı. O isə özü kimi bir gəzəl rəfiqəsi ilə qol-qola girib gəzirdi, sanki ətrafdakı kişilərə acıq verirdi. Ona həsədlə baxan digər qızların yəqin sayı-hesabı bilinmirdi. Belə bir gözəlliyə sahib olmaq hər kəsə qismət olmur.
O dövrdə yataqxanadakı tələbələrin daha bir pərəstiş obyekti vardı. 1988-ci ildə “Türkiyə gözəli”, 1989-cu ildə Moskvada keçirilən gözəllik müsabiqəsində “Dünya gözəli” tituluna layiq görülmüş Məltəm Hakararın başında tac olan şəkli otaqların bir çoxunu bəzəyirdi. O dövrdə internet zad yox idi, elə sevgimizi kiminsə şəklini divardan asmaqla ifadə edirdik. Məltəmin şəklini mən də divara asmışdım.
"Qocalar evi"ndə yaşayan "Bəxt üzüyü"nün Sevdasının analığı danışdı>>
İllər sonra Türkiyə gözəlinin ağır həyatından məlumat alanda çox pis oldum. Şəxsi həyatı uğursuz alınıb, ailə həyatı qurub, sonra ayrılıb, ara-sıra görüşdüyü kişilərlə münasibəti də qoruyub saxlaya bilməyib. Nəticədə içkiyə qurşanıb, alkoqolizmdən əziyyət çəkirmiş. Səfil həyatı sürüb, günü elə içki içməklə barlarda keçib. Nə gözəllikdən bir əsər-əlamət qalıb, nə də sağlamlıqdan.
Bu yaxında da Lenanın ölüm xəbərini eşitdim. Vaxtilə vurğunu olduğumuz bir xanım əyyaşlığın qurbanı olub. Yaman içirmiş, depressiyadan çıxa bilmirmiş.
Alkoqolun narkotik olduğunu artıq elmi dairələr də təsdiq edir
Hər addımbaşı rast gəldiyim “Şərab evləri” adlı mağazaları görərkən gözümün önündə içkinin məhv etdiyi gözəl xanımlar gəlir. Bu bəla çoxunu o dünyalıq edib, amma nədənsə bunu görmək istəmirik. Alkoqollu içkilər dünyada leqal istehsal edilən ən böyük və səmərəli narkotik növüdür. Alkoqolun narkotik olduğunu artıq elmi dairələr də təsdiq edir. Yəni alkoqolun insanda asılılıq yaratdığı məlum idi, sadəcə bunun leqal narkotik olduğunu dilinə gətirən alim az idi.
Şərab istehsal edən şirkətlər adətən həm mətbuat, həm də elmi çevrə ilə yaxşı münasibət qurmağa, alkoqolun faydasını təsdiqləyən tədqiqatlara pul ayırmağa meyllidirlər. Parıltılı şüşələrə doldurulan içki nümunələri marketlərin ən cəlbedici hissələrində yer alır. Dünyada nə qədər alkoqolun istehsal edildiyini dəqiq bilmək çətindir. Yalnız 2018-ci ildə 39 milyard şüşə şərab istehsal edilib. Bircə Fransanın payına dünyanın şərab istehsalının 16,6%-i düşür, yəni təxminən 6 milyard şüşə. Gürcüstan kimi kiçik ölkə dünya bazarında 86,2 milyon şüşə şərab satır. İspaniya, İtaliya kimi nəhəng şərab istehsalı olan ölkələr də var.
Alimlər məşhur qəhrəmanın alkoqolizmdən əziyyət çəkdiyini müəyyən edib>>
Bu qədər şərabı satmaq üçün bütün mümkün vasitələrdən istifadə edilir. Bəh-bəhlə gündə bir qədəh şərabın insan orqanizminə verdiyi xeyirdən reportajlar hazırlanır. Fransızların şərab istehsalı, onun möcüzəli xassələri ilə bağlı yüzlərlə filmi var. Hollivud filmləri sırasında isə içki səhnəsi olmayan bircə film tapa bilməzsən. İçkili oldu, tanımadığı qadınla evləndi, içdi, cinayət törətdi, içdi, ev-eşikdə nə varsa, qırdı dağıtdı. İçib dəli kimi atlanıb düşənləri, “kim daha çox içdi” kimi yarışlara qoşulanları əks etdirən filmlərin sayı-hesabı yoxdur. Şərabın gözəlliyini əks etdirən yüzlərlə sənədli film də çəkilib.
Pivə isə şərabdan da daha güclü narkotikdir
Almaniya, Çexiya kimi ölkələrdə isə pivə təbliğatı daha güclüdür. Hər tinbaşı satışı var, davamlı festivalları da keçirilir. İç ki, içəsən. Pivə isə şərabdan da daha güclü narkotikdir, çünki şərabı içəndə bir sayı bilinir, pivə isə saysız qədər içilər. Gənclər daha çox pivə alkoqolizminə tutulurlar. Özü də daha çox kişiləri bədbəxt edir, pivəni litr-litr içən kişilərdə bir qədər sonra yekə qarın, iri məmələr formalaşır. Belə kişilər daha çox qadına bənzəyirlər. Orqanizm kişi hormonu olan testosteronun istehsalını azaldır. Kişilər bır növ qadınlaşır.
Dünyada şərab və pivədən savayı milyon tonlarla digər alkoqol növü istehsal edilir. Rəsmi istehsaldan savayı alkoqol gizli sexlərdə, qaydaların pozulması ilə buraxılır. İçki içib birbaşa ölən insan da az deyil.
Alkoqol ən ağır narkotiklərdən biri, kütləvi qırğın silahıdır. Başqa adı da yoxdur. Təbliğatı çox güclüdür deyə kiməsə onun ziyanını anlatmaq olmur. “İçmişik, içəcəyik” deyirlər.
Kimi ölüb, kimi də ölmüş kimidir
Plastik məmulatlara qarşı diqqətli olun: Xərçəng, infarkt və gen pozğunluğu riski var>>
İçki ilk növbədə “kiçik” insanın düşmənidir, gündəlik 20-25 manat qazanan, axşamçağı evinə yaxın dükandan bir “çekuş”, bir qutu da siqaret alan o zavallı fəhlənin. Sual versən ki, axı niyə içirsən, deyəcək ki, bəyəm mənim həyatda başqa bir işim var? Səhər qazanıb, axşam vurmalıyam. İşi də olmayanda arağı nisyə dəftərinə yazdırar.
Bəs, bu zəhrimar nə qədər yazı adamının həyatını zəhərə döndərib? Gör nə qədər gənc yazar istedadını ucuz pivəxanada məhv edib? İçə-içə qaraciyər də sıradan çıxıb, düşünən beyin də. Əlləri də əsir deyə, qələm də tuta bilmir. İçki üzündən həyatdan gedən jurnalist həmkarlarımın sayını belə itirmişəm. Müalicə filan da kömək etməyib, kimi ölüb, kimi də ölmüş kimidir.
Bu günlərdə Rusiyadan Bakıya qonaq gəlmiş bir jurnalist dostumla görüşdük. Dedim, necədir, razısanmı Azərbaycandan? Dedi, çox gözəl ölkəniz var. Bir qədər söhbətləşdik də. Nəsə söz qadınlardan düşdü. Dedi, bizi müşayiət edən bir xanım var, hələ də ailə qurmayıb, elə hey Azərbaycan xanımlarını tərifləyir. B
Söz tapmadım, dedim, bu qadınları biz görmürük, onlar gecə yaşayır, biz gecə yatırıq. Onlar səhər evə dönəndə biz işə çıxırıq, onlardan xəbərimiz yoxdur. Qadınlarımız da əldən gedir, bunu hələ ki, ört-basdır edirik. Bütün pivə barları əyyaşlığa qurşanan gənc xanımlarla doludur.
Onları gələcəkdə nə gözləyir? Yəqin rus gözəli Lenanın və türk gözəli Məltəmin taleyi.
Mənasız həyat, depressiya, tənhalıq, xəstəlik…